“Növbəti görüşün nəticəsi Rusiyadan asılıdır” ŞƏRH

13 İyun 2016 16:47 (UTC+04:00)

"Azərbaycan iyun ayının sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşündə ATƏT-in üzvlərindən qətiyyətlilik gözləyir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan ictimaiyyətinin diqqətinin Prezidentlərin görüşünə çevriləcəyini deyən politoloq vurğulayıb ki, görüş öncəsi Rusiya və ermənilər anlamalıdır ki, Azərbaycan Prezidenti heç vaxt güzəştə getməyəcək: "Ermənistan hakimiyyətində güzəştə getmək rəhbərliyi itirmək deməkdir. Ona görə də, Sarkisyan Dağlıq Qarabağ münaqişəsində könüllü olaraq konstruktivlik nümayiş etdirib güzəştə getməyəcək. İyunda baş tutacaq görüşün nəticəsinə gəldikdə isə, hər şey Rusiyadan asılıdır. Rusiya erməniləri güzəştə getməyə əmr etməsə, onlar status-kvonunun uzadılması ilə məşğul olacaqlar".

"Almaniya kansleri Angela Merkel ölkə başçısının həmin ölkəyə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə münaqişənin açarının Rusiyada olduğunu etiraf etdi. Lakin dini, regional, mental, siyasi amilləri nəzərə alaraq deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli real görünmür"- deyə, Z. Məmmədov əlavə edib.