F.Köçərli adına Respublika Uşaq Kitabxanası multikulturalizm ilinə həsr olunan "Uşaq Kitab Karvanı Şimal bölgəsində" səyyar kitab sərgisini Xaçmaz rayonunda davam etdirib. SİA-nın verdiyi xəbərə görə, Uşaq Kitab karvanını Xaçmaz rayon Mərkəzi kitabxanası qarşılayıb. Bayram tədbiri rayonun uşaq kitabxanasında keçirilib.
Uşaqlar tədbirdə sevimli yazıçıları – Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüşüb. Şən musiqi sədaları altında keçən tədbirdə uşaqlar Azərbaycana, Ulu Öndərə, kitaba, Vətənə aid şeirlər söyləyiblər.
Tədbirdən sonra uşaqlarla "Ən yaxşı nağıl bilicisi" adlı müsabiqə keçirilib. Müsabiqədə daha çox xal qazanan oyunçu qalib müəyyən edilib, "Nağıl bilicisi" medalını Xaçmaz rayon 8 nömrəli məktəbin VI sinif şagirdi Nicat Quliyev qazanıb.
Qalibə kitabxananın təsis etdiyi "Göy qurşağı" uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyi bildirib. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verilib.
Tədbirdə uşaqlar yazıçılarla sıx təmasda olub, onları maraqlandıran suallara cavab alıblar.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1000 nüsxədən çox hədiyyə kitab bağlamalarını Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanova təqdim edib. Hədiyyə kitabların içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də var.
Tədbirdə iştirak edən Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat türk uşaq ədəbiyyatına aid 200 nüsxədən çox kitabı uşaqlara hədiyyə edib.