"Neftçi" PFK son bir ildə səviyyəli tranferlər etməklə, rəqabətə yol açıb. Siasport.az saytı xəbər verir ki, mövsüm öncəsi İqor Mitreski, Emil Mpenza, Flavinyo, Bahodir Nasimov, Slavço Georgievski və digər futbolçuları heyətinə qatan flaqman çempionatın ilk turlarından liderliyi ələ keçirərək, qızıl medallar uğrunda mübarizədə öz iddasını ortaya qoyub. Belə səviyyəli legionerlərin yanında yerli gənc futbolçulara da daima şans verən komanda Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Cavid Hüseynov, Araz Abdullayev, Amit Quluzadə və digərlərinin də güclü futbolçu kimi püxtələşməsinə şərait yaradır. Düzgün transfer siyasəti aparan "Neftçi" Premyer Liqada mübarizə aparan digər klublarımızı da ölkəmizə adlı-sanlı, bacarıqlı legionerləri cəlb etmək zərurəti qarşısında qoyur. Bu da çempionatın səviyyəsinin qalxmasını, eyni zamanda yerli futbolçuların inkişafını təmin edir. Komanda əlcəzairli Yasin Himanı mövsümün sonunadək (6 ay+1 il) heyətinə qatıb. Paulius Qribauskasın zədələnməsindən sonra qapıçı problemi ilə üzləşən komanda legioner futbolçuya ehtiyac duymayaraq, mövsümün axırınadək ehtiyat qapıçı kimi azərbaycanlı Vitali Kovalyovu sıralarına cəlb edib. Hələ birinci dövrənin gedişi zamanı "Neftçi" PFK komandanın səviyyəsini bir qədər də artırmaq üçün supertransfer reallaşdıracağını bəyan etmişdi. Artıq supertransfer reallaşıb. "Neftçi" PFK Braziliyanın məşhur "Santos" klubunun yarımmüdafiəçisi Rodriqinyo ilə 2 illik müqavilə imzalayıb. Dünən Antalyaya gələn və dərhal tibbi baxışdan keçən Rodriqinyo axşam məşqinə də komanda ilə birgə çıxıb. Transferlə bağlı "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov bunları deyib: "Mənim Antalyada komandanın yanında olmağımın bir səbəbi "Neftçi"nin məşqlərini, oyunlarını izləmək, futbolçularla, məşqçilərlə görüşmək idisə, digər tərəfdən də qış transfer mövsümündə dəvət olunan oyunçularla müqavilələri bağlamaq idi. Əsas məqsədimiz söz verdiyim kimi, supertransferi reallaşdırmaq idi. Bu gün "Neftçi" azarkeşlərinə şad xəbər verə bilərəm. Artıq braziliyalı məşhur futbolçu Rodriqinyo (Rodriqo Cesar Kastro Kabral) "Neftçi"nin oyunçusudur. Dünya səviyyəli "Santos" klubunun heyətində çıxış edən futbolçunu Azərbaycana gətirmək heç də asan deyil. Ötən mövsümün sonunda 13-14 legionerlə yollarımızı ayıraraq, bu transferləri reallaşdıraraq, "Neftçi"nin hansı hədəflərə nail olmaq istədiyini açıq-aşkar göstərdik. Ən əsası da biz komandaya 15-20 legioner cəlb etmək istəmirik. Az sayda səviyyəli legionerlərin transferi, yerli gənclərin onlarla birgə heyətdə çıxış etməsi nəinki "Neftçi", eləcə də Azərbaycan milli komandası üçün də faydalıdır".
Dünən ilk məşqinə çıxan Rodriqinyo da qısa fikirlərini bildirib: "Məni israrla "Neftçi"də görmək istədiklərinə görə, klub rəhbərliyinə və baş məşqçiyə təşəkkürümü bildirirəm. Düzü, bir az tərəddüd edirdim. Çünki mən "Santos"un heyətində oynayırdım və baş məşqçimiz də məni komandadan buraxmaq istəmirdi. Danışıqlar getdiyi bu aylar ərzində "Neftçi", Azərbaycan, Bakı şəhəri ilə maraqlanmağa başladım. Azərbaycanda çıxış edən digər braziliyalı futbolçuların "Neftçi" haqqında fikirlərini öyrəndim. Onlar hamısı "Neftçi"nin Azərbaycanın ən güclü klubu olduğunu bildirdilər. Ən əsası da Çempionlar Liqası və ya Avropa Liqasını hədəfləyən "Neftçi"nin heyətində məqsədimizə birgə çatacağımıza inanıram. Bir "ağ-qara" formanı digər "ağ-qara" formaya dəyişdiyim üçün çox şadam. Antalyaya gəlib, "Neftçi" ilə müqavilə bağlayarkən, klub prezidenti ilə səmimi söhbətimdə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam".
Qeyd edək ki, Rodriqinyo 19 yaşında "Atletiko Paranaense" klubunun heyətində Braziliya çempionu adını qazanıb. Ulduz futbolçu son mövsümdə "Santos"un heyətində 27 görüşdə meydana çıxıb və rəqib qapılarından 2 top keçirib.