Son günlər havaların qeyri-sabit keçməsi, hətta bəzi rayonlarda dolu yağması belə bir sualı aktuallaşdırıb. Görəsən, bu vəziyyət meyvələrin məhsuldarlığına və onun qiymətinə necə təsir edəcək? Bu məsələdə ekspertlərlə Kənd Təsərrüfatı Nazirliyinin fikirləri üst-üstə düşmür.
Bu il meyvələrin qiymətinin yüksək olacağı gözlənilir. Ekspertlərin sözlərinə görə, havanın qeyri-sabit keçməsi, baş verən güclü yağıntılar və temperatur dəyişiklikləri meyvə ağaclarının məhsuldarlığına təsirsiz ötüşməyib. Alma və armud ağaclarının yarpaqlarına xəstəlik düşüb. Xəstəliyin meyvəyə keçmə ehtimalı da var. Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktor müavini Mədəd Qurbanov deyir ki, təkcə Qubada məhsuldarlıq 25-30% azalacaq.
Havaların qeyri-sabit keçməsi ərik ağaclarının da məhsuldarlığına təsirini göstərib. Geniş yayılan monilioz xəstəliyi məhsulun 90%-ni məhv edib. Mədəd Quliyevin proqnozuna görə, yerində əriyin 1 kiloqramı 2 manatdan ucuz olmayacaq.
Kənd Təsərrüfatı Nazirliyi isə ekspertlərin bu iddiasını qəbul etmir. Nazirliyin sözçüsü Murtuzəli Hacıyevın sözlərinə görə, heç bir qiymət artımı müşahidə olunmayacaq. Anomal hava şəraiti lokal xarakter daşıdığından sahibkarlara kütləvi şəkildə ziyan dəyməyib.