Müğənni Əli Mirəliyevin SİA-ya müsahibəsi:
-Sizi efirlərdə az görürük, səbəb nədir?
-Evimdə təmir işlər getdiyi üçün ayağıma mismar batmışdı. Axsayırdım. Ayağıma ayaqqabı geyinə bilmirdim. Amma artıq yaxşıyam. Buna görə verilişlərdə çox görünə bilmirdim. Eyni zamanda efirlərdə dəyişən heç nə yoxdur. Bəzi kanallarımızın verilişləri lap gülməlidir. Ona görə bəzi proqramlarda iştirak etməyə dəyməz.
-Aparıcılardan necə, razısız?
-Xeyr, aparıcılar proqram idarə etməyi bacarmır. Elə danışırlar ki, elə bil Azərbaycana indi gəliblər. Aparıcıların dilində qüsurlar var. Üçüncü cins insanlar veriliş aparır. Cinsi də bilinmir ki, kişidi yoxsa qadın. Mən bu iradları bildirəndə deyirlər qalmaqallı müğənniyəm. Mənə bu sözü deyən insanların özlərində problem var.
- Hər zaman müğənnilərə irad bildirirsiz...
-Şou-biznesdə olan ifaçıların səsi yoxdur. Ancaq qışqırırlar. İlhamə Quliyeva kimi sinədən oxumaq lazımdır. İndiki müğənnilər əllərində diplomla gəzirlər. Amma əsas diplom deyil, bacarıq lazımdır.
-Kreditlə özlərinə avtomobil və ev alan şou-biznes nümayəndələrinə münasibətiniz necədir?
-Bütün müğənnilərin hazırda marağı puldur. Ancaq kreditlə maşın, ev almağı düşünürlər. Amma biz ailədə 8 uşaq olmuşuq. Balaca 2 otaqlı evdə mehriban yaşamışıq.
-Bildiyimizə görə toylara getmirsiz. Bəs, necə gəlir əldə edirsiniz?
-Məni dost-tanış saxlayır. 3-5 manat verirlər. Dostlarım dəyərli insan kimi mənə kömək edirlər.
-Şou-proqramlarda oxuyan müğənnilərə münasibətiniz necədir?
-Heç vaxt şou-proqramlarda oxumaram. O səviyyəsizliyi etmərəm. El şənliklərində menyuda müğənnilər də olur. Həmin ifaçılar çağrılmamış qonaqdır. O kəslər əməkdar artistlər Cavanşir Məmmədov, Elza Seyidcahan, müğənnilər Səyyad Əlizadə, Əlikram Bayramovdur. Onlar 1 restoranın hər zalından 50 manat pul alırlar. Sonra da böyük-böyük danışırlar. Halbuki, 50 manata qulluq edirlər. Müğənnilər səviyyəsiz yerlərə gedirlər. İnsanın mənliyi olmalıdır. Mən belə toylara heç vaxt getmərəm, nifrət edirəm. Vacibdir ki, bahalı maşın sürüb, villada yaşayasız? Rahat kişi kimi yaşayın. Ümumiyyətlə, Azərbaycanda 3-5 müğənni var ki, özlərinə hörmət edirlər. Mən də həmin ifaçılardanam.
-Kişi müğənnilər saçlarını boyayıb, tük əkdirirlər. Sizdə onlar kimi etməyi düşünmürsüz?
-70 yaşında ifaçılar saçlarına rəng qoyurlar. Üzlərinin qırışlarını dartdırırlar. Cavan belə hərəkət etsə, yenə başa düşərəm. Qoca müğənnilər bundan sonra cavanlaşıb, xoşa gəlmək istəyirlər? 70 yaşlı sənətçilər ağsaqqal olaraq, xalq artistləri Arif Babayev, Alim Qasımov kimi sevilsinlər. Adamın onlara baxanda ürəyi açılır. Mən də zamanında uzun saçlı, yaraşıqlı oğlan idim. Qızlar mənim üçün ölürdü. Artıq nə edim ki, qocalmışam. Hər yaşın öz gözəlliyi var. Kişi olun, utanın. Gənclər sizdən nə ibrət götürəcək?
-Həyatdan sanki incimisiniz...
-Bəli, həyatdan küsmüşəm. İnsanlara etibarım qalmayıb. Zamanında Azərbaycan Dövlət Filarmoniyasında çalışmışam. Hər dəfə oradan keçəndə pis oluram. Mənə filarmoniyadan bir nəfər zəng edib, maraqlanmır. Bu mənə təsir edir.
-Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan ilə problem yaşayırdınız. Hazırda münasibətləriniz necədir?
-Orxan qohumumdur, bibimin nəvəsidir. Amma düzgün hərəkətlər etmir. Dələduzluqla məşğuldur. İnsanları aldadır. Həmin kəslər arasında əməkdar artist Firuzə İbadova da var. Əsəbləşirəm ki, dünənki uşaq 30-40 ilin sənətçisini aldadır. Firuzə xanım kirayədə yaşayır. Amma Orxana bankdan faizə pul götürüb, verib. İlhamə Quliyevanı biyabır edib. Bu sözləri Orxana ərkim çatır, irad bildirirəm. Bir gün kimsə Orxanın qarşısına çıxıb, elədiyi hərəkətlərə görə, bıçaqlayar. O, bunları fikirləşmir. O, bu xalqı nə qədər aldadacaq? İnsanlara yalan danışmaqla yaşamaq olar? Bütün xalqıma məsləhət görürəm ki, gözünüz tox olsun.