Azərbaycan futbolunun flaqmanı "Neftçi" PFK qış fasiləsində ilk transferi reallaşdırıb. "Ağ-qaralar" heyətini Fransanın "Lion" klubunun yetirməsi, əlcəzairli Yasin Hima ilə gücləndirib. Siasport.az saytı xəbər veir ki, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına açıqlamasında Hima ilə rəsmən müqavilə bağlandığını bildirib: "Son bir ildə komandamıza cəlb olunan futbolçular "Neftçi"nin seleksiyaçı-məşqçiləri tərəfindən izlənilir. Yəni, klubumuza demək olar ki, baxışa futbolçu gəlmir. Bildiyiniz kimi, Yasin Hima "Neftçi"nin Antalyada keçirdiyi birinci təlim-məşq toplanışı zamanı mənim tapşırığıma əsasən, danışıqlar aparmaq üçün komandanın düşərgəsində olmuşdu. Danışıqlar müsbət nəticələndiyi üçün o, "OİK Energiya"ya qarşı yoxlama matçında da forma geyinmişdi. Keçmiş klubu ilə məsələləri yoluna qoymaq və şəxsi işləri ilə əlaqədar evə dönən futbolçu dünən Antalyaya qayıdıb. Mənim Antalyaya gəlişim futbolçularla müqavilələri rəsmiləşdirməklə bağlıdır. Artıq Yasin Hima "Neftçi" PFK-nın oyunçusudur. Yaxın günlərdə isə daha bir legionerlə müqavilə bağlayacağıq".
Yasin Hima da karyerasını "Neftçi"də davam etdirəcəyinə şad olduğunu söyləyib: "Neftçi" rəhbərliyi ilə danışıqların müsbət nəticələnməsinə görə çox şadam. Bu komandanın heyətində bir oyunda forma geyinmişəm. Qısa müddət ərzində "Neftçi"nin necə güclü, səviyyəli klub olduğunu hiss etmişəm. Yeni komandam ilə öncə Azərbaycan çempionu, ardından isə avrokuboklarda uğur qazanmaq istəyirəm. Eyni zamanda, yenidən Əlcəzair milli komandasının heyətinə qayıtmaq hədəflərimdən biridir. Azərbaycan çempionatının lider komandasında oynamaqla, yığma məşqçilərinin də diqqətini cəlb etmək asandır. Hazırda "Neftçi"də Azərbaycan, Belçika, Makedoniya, Özbəkistan yığmasının üzvləri oynayırlar. İnanıram ki, "Neftçi"də uğurla çıxış edib, tezliklə Əlcəzair milli komandasına qayıdacağam".
Qeyd edək ki, 26 yaşlı Hima Əlcəzair milli komandasında çıxış edib. Onun son klubu Belçika çempionatında mübarizə aparan "Eupen" olub. Bundan öncə isə Yasin İsveçrənin tanınmış "Aarau" və "Bellinzona" klublarının formasını geyinib.