Levon Zurabyan: "Ermənistanda əlavə xərclər büdcənin 13%-ni tutur"

7 İyun 2016 13:51 (UTC+04:00)

"Ermənistan büdcəsindən "əlavə məsrəf"lərin təsnifatına çox pul xərclənir". SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan 2015-ci ildə Ermənistanın dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, əlavə xərclər ümumi büdcənin 13%-ni təşkil edir: "Bundan əlavə, hələ bunun "əlavə məsrəflər" yarımseksiyası da var. Bu o deməkdir ki, əlavə xərclərin özünün ayrıca məsrəfləri ümumi büdcənin 12, 4 %-ni tutur. Lakin bu, nədənsə gizlədilir".

Ermənistanın maliyyə nazirinin müavini, ölkənin baş xəzinədarı Atom Cancuqazyan isə cavab olaraq bildirib ki, qeyd edilən əlavə xərclər dövlət büdcəsinin hesabatında son qəpiyinə kimi aşkar olunur.