“Baku Fires” bir daha “Beijing Dragons”a qarşı

27 Yanvar 2011 10:13 (UTC+04:00)

"Baku Fires" boks klubu WSB liqasında növbəti görüşünü yanvarın 29-da Çinin "Beijing Dragons" komandasına qarşı keçirəcək. Siasport.az saytı xəbər verir ki, döyüş Makao şəhərindəki "Venetian" otelində baş tutacaq. Artıq hər iki komanda heyətlərini açıqlayıb. Bu dəfə də "Baku Fires"in heyətində bir yeni boksçu debüt edəcək. Bu +91 kq çəki dərəcəsində mübarizə aparan Abdulkadir Abdullayevdir. Onun rəqibi Xianqyanq Çenq olacaq. 54 kq çəki dərəcəsində Məhəmməd Abdulhəmidov artıq bir dəfə məğlub etdiyi Şaofanq Luo ilə üz-üzə gələcək. Xatırladaq ki, WSB liqasının I turunda Bakıda keçirilmiş döyüşdə Abdulhəmidov qələbə qazanmışdı. Romal Amanov da Lei Fanq üzərində ikinci qələbəsini qazanmağa çalışacaq. "Beijing Dragons"un heyətində yeganə legioner seneqallı Assane Faye olacaq. Ötən həftə komandamızın digər üzvü - Rizvan Əlimuradov Fayeni məğlub etmişdi. "Baku Fires" 6 turdan sonra 100 faizlik nəticə ilə qrupun vahid lideridir. Komandamız WSB liqasında məğlubiyyət acısı dadmayan yeganə klubdur. "Beijing "Dragons" 4 xalla qrupda sonuncu yeri tutur. Bir həftə öncə Çində keçirilmiş qarşılaşmada "Baku Fires" rəqibini 3:2 hesabı ilə üstələmişdi.

54 kq

Şaofanq Lu (Beijing Dragons) – Məhəmməd Abdulhəmidov (Baku Fires)

61 kq

Lei Fanq – Romal Amanov

73 kq

Vei Lui – Məhəmməd Nuritdinov

85 kq

Assane Faye – Ramazan Maqomedov

91+kq

Xianqyanq Çhenq – Abdulkadir Abdullayev