ƏƏSMN-in 142 - "Çağrı mərkəzi" 15 mindən çox müraciəti cavablandırıb

2 İyun 2016 12:00 (UTC+04:00)

Cari ilin may ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -"Çağrı mərkəzi"nə 15112 müraciət daxil olub. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, onlardan 14809-u (98 faiz) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə bağlı sorğularından ibarət olub və hər bir sorğu ilə əlaqədar vətəndaşlara dolğun izahatlar verilib. Digər 303 müraciət isə araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə təqdim edilib.

Ümumilikdə ötən ay 142 -"Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 50,4 faizi sosial təminat, 15,4 faizi əmək qanunvericiliyi, 17,4 faizi nazirliyin elektron xidmətlərindən istifadə məsələlərinə aid olub. Müraciətlərin 9,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,5 faizi isə məşğulluğun təminatı məsələlərini əhatə edib. Əvvəlki aprel ayı ilə müqayisədə may ayında 142 -"Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayında 2,1 faiz, o cümlədən məşğulluğun təminatı məsələləri ilə bağlı daxil olan müraciətlərin sayında 10,2 faiz azalma qeydə alınıb.

142 -"Çağrı mərkəzi"nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi nəticəsində təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi də diqqətdə saxlanılır. Cari il fevral ayının əvvəlindən vətəndaşlara əlillik müayinəsinin nəticəsi barədə 142-"Çağrı mərkəzi" vasitəsilə də məlumat əldə olunmasına imkan yaradılıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığaraq aparılmış müayinənin nəticəsi (əlillik qrupunun dərəcəsi, təyin olunma tarixi və müddəti) barədə məlumat ala bilir.

Ötən ay bu istiqamətdə növbəti addım atılıb. Belə ki, artıq vətəndaşlar təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün etdikləri müraciətlərə baxılmasının cari vəziyyəti barəsində də 142 -"Çağrı mərkəzi" vasitəsilə məlumat əldə edə bilirlər. Təmsilçi 142-"Çağrı mərkəzi"nə zəng etdikdən sonra 0 düyməsini seçir və 2 düyməsini yığır, şəxsiyyət vəsiqəsinin nömrəsini, sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir. Bundan sonra vətəndaşa sosial yardım üçün etdiyi müraciətə nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində baxılmasının nəticəsi barədə məlumat verilir.