ABŞ-ın Pensilvaniya Universitetinin alimləri plastik kütlə əsasında özü bərpa olunan dielektrik material yaratmağa müvəffəq olublar. Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, gizmag.com saytının məlumatına görə, tədqiqatın nəticəsi "Advanced Functional Materials" jurnalında dərc edilib.
Qeyri-adi material qrafeni xatırladan, lakin elektrik keçirməyən nitrid borun nanoborularından ibarət örtüyə malik polimer nanokompozit material əsasında yaradılıb. Bu örtük materialı daha da möhkəm edərək onun istilikkeçirmə xassəsini yaxşılaşdırıb.
Alimlər özü bərpa olunan material yaratmaq üçün hidrogen əlaqələrin köməyi ilə nitrid borun nanoborularını birləşdiriblər. Nəticədə material elektrostatik cazibə qüvvəsinin sayəsində özünü tamamilə bərpa edə bilir.
Materialın bərpaetmə qabiliyyəti son dərəcə heyrətləndiricidir. Belə ki, tədqiqat zamanı alim nümunə materialı qayçı ilə kəsir, sonra onu birləşdirərək 80 dərəcəyədək qızdırır. Otuz dəqiqə sonra material öz xüsusiyyətlərini tamamilə bərpa edir və möhkəmliklə bağlı sınaqdan uğurla keçir.