Xatirə Fərəcli 1966-cı il fevralın 12-si Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub. 1983-cü ildən Sumqayıtda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Başkent Edebiyat Kültür Sanat ve Eğitim Derneğinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsində fəaliyyət göstərən "Zərif" qadın ədəbi məclisinin sədridir. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şəhər Bölməsində işləyir.
BAHAR GƏLİR
Təbiət
qonaq gözləyən
ev sahibi kimi tədarükdə,
var – gəldədir
ağacların qarasını
çırpıb tökən külək də,
qar yükünü atmış göy üzü
bəyaz tül,
buludlar
ağlayıb ürəyini boşaldan adam kimi
yüpyüngül,
oturub
elçi daşı üstündə Günəş
açılıb eyni,
gözləri yanır bulaqların
eşqə düşən gənc kimi,
qucağı dolu dərələr
qayaların təbəssümünə
əzilib-büzülməkdə,
ağaclar düyün – düyün,
qoca ağacların
quruyan budaqları
yaşlanan gözəlin
üzündəki qırış kimi
sezilməkdə,
qış uzunu
lüt budaqları
dayanacaq yeri seçən
sərçələr
sevincək.
... demək
bahar gəlir,
bahar gəlir demək.
AĞ ÇİÇƏK
Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.
Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
çiçək olub əzəlim.
Götür, hara istəsən
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.
Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.
***
ürəklərlə oynayıb
ürək şəkli çəkən qız,
orda sevinc, həvəs nə rəng
kövrəlməyi göstər görüm
baş ürəklə,
ürək başla yollaşmasa yaman olur
darıxmağı göstər görüm
yaşantılar rəng-rəng, xal-xal
ordan nələr ötüb keçdi, orda nə var?
baş vurub çıxanlar kimlər
başa çəkilən kim olub?
Neçə arzu, istəklərə
əsim-əsim əsib gedib,
hansı əzab o ürəyi
öz içindən söküb, didib?
hələ,
hələ sənin üçün ürəklər eyni rəngdə
bu" rənglərlə" dolu dünya
sənin üçün hələ bəyaz
hələ bir rəng
ürəkli qız,
ay dünyası, özü göyçək
sən
qırmızı qələminlə
qanla yaşayan ürəyi
qan rəngində çəkirsən
çək.
***
Mən
bir şeir havasında,
bircə şeir havasında
dolanıram hər yeri
dolanıb gəlirəm
dünyasını bir dəqiqəyə gəzən
saniyəölçən tək
qoşulub
dağ ətəyində topa-topa bulud kölgəsinə
axıb gedir ürəyim
yuyulur dünyanın kiri,
kini
yaşananlar qar üstündə
ləpir kimi
təzə doğulan
uşaq ruhuna dönür ruhum
uçuram,
uçunuram
gəzirəm eşqli, həvəsli
sevirəm
sarır içimi gözəllik, lütf, kərəm
sevgim,
sevgilim şeridir
vəfasız çıxsa ölərəm
***
qar yağıb dünyaya
qar yağıb
hər tərəf ağappaq, tərtəmiz
baxır
ilk dəfə qar görən körpə
o körpənin ruhu,
dünyası rəngdədir hər yer
qalsa,
qalıb çirklənəcək
ləkələr düşəcək bu qara
böyüyəcək uşaq
baxa-baxa
belə yağan, əriyən qarlara
böyüdükcə bozaracaq
bozaracaq dünyası
hər dəfə naxələflik,
saxtalıq görəndə
eybəcərləşəcək o dünya.
***
bu yağışa
sevgililər yağışı deyirlər
sevgililər yağışı
sakit, narın
çıxın sevənlər, girin qol-qola
bu yağışda islanın
təslim edin ruhunuzu bu yağışa
eşqinizə rəng qatın
ömrü
yağan zamanı,
gəldiyi yolu boyda
xatirəsi bir ömür
xatirəsi uzun
yığıb saxlayın ürəyinizdə bu yağışı
bu yağış hamınındır
bu yağış ikinizin.
***
Gedir
payız ilə dərdləşə-dərdləşə
ömrünü payızlara
paylayan qoca.
Bu dünyanın
günəşində isinib,
yağışında islanıb,
sevinc görüb,
qəm yeyib doyunca.
Sinəsi xatirələr məskəni
bəlli edir görünüşü,
görkəmi.
Daha
ayağı altda yer titrəmir,
əli titrəyir
bu qocanın,
birtəhər hərləyir canın.
Gedir,
dəstələyib əllərində illəri,
kim bilir nə düşünür ?!
bir ömür yola verib
bəllimi görən ona
ömür adlı
bu nəsnənin sirləri?
Sönükən gözlərində
bu dünyaya etiraz,
bəkləntisi
bəllidir
geci-tezi var bir az.
Durub gözünə yollar
enin-uzunun ölçür,
tapdalamır xəzəli,
dönüb yanından keçir
uzanır yolu.
Gedir,
gedir qüruba doğru...
ETİBAR İTƏRSƏ
Dindirmə, əriyər könlümün buzu,
Axar yanağımdan sellənib gedər.
Yazağzı sel-sudan çaxnaşıb artan
Çeşmə tək gözündən lillənib gedər.
Gün kimi gəlmişdin boran könlümə,
Ağlımın bəlası olan könlümə,
Demədim talan sal, talan könlümdə
Pünhanlar boy verər, bəllənib gedər.
Qəlbim qan gölüdür, ləngəri əldə
Titrədər toxunsa ötəri yel də
Etibar itərsə, qayıtmaz bir də
Güllə yeri kimi güllənib gedər.
Yerin bağrımın başıdır
Ömür yolda qatar ikən
Sinəm cadar-cadar ikən,
Arzularım çapar ikən
Minib tərkinə gəlmisən.
Olub keçənlər köçündən.
Ağrılarının içindən,
Sıyrılıb fağır suçundan
Ürəklə,ərklə gəlmisən.
İllər həsrət,qəm yaşıdı
Qəlb eşqinə başdaşıdı,
Yerin bağrımın başıdı
Gəl,öz mülkünə gəlmisən
GƏLDİN
Bayquş yurdu idi içim,
Sökülürdüm için-için,
Dərd idim, dindirən üçün
gəldin.
Gözləmirdim gəlişini,
Kim bilir könül işini?!
Xəyal kimi, xülya kimi
gəldin.
Yaşanan var, gəlməz dilə,
Çəkdiyini verib yelə,
Yollaşıb ürəyin ilə
gəldin,
gəldin.
MƏNİ ARA
Hər allanıb güləndə dan,
Hər yadına düşdüyüm an,
Ürəyin istəyən zaman
məni ara.
Bircə qəfil zəng səsiylə,
Bir "necəsən" kəlməsiylə,
Ürək ilə, həvəs ilə
məni ara.
Həzin meh tək əsim-əsim
Titrəməsin kəlmən, səsin,
Təkcə sayğı, diqqət bəsim
məni ara.
Bu ömürdür, elə-belə,
Ya sevin-gül, ya dərd elə,
Aldanaq bu sevinc ilə