\"Qarabağ\"da son durum

17 Yanvar 2011 09:44 (UTC+04:00)
Türkiyədə hazırlıq keçən \"Qarabağ\" klubunda ilk gündən etibarən Rəşad Kərimov komandadan ayrı məşq edir. Siasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi klubun fizioterapevti Oktay Gürsoyun nəzarətində çalışır. Oktay bəy Rəşad son durumunu belə dəyərləndirib: \"\"Muğan\"la oyun ərəfəsində Rəşadın sol baldır əzələsində 1,5 sm yırtıq əmələ gəlmişdi. Buna görə də Rəşad o vaxtdan komandadan ayrı düşüb. Son 1 həftədə ancaq qamaqla, müəyyən gücləndirici hərəkətlər yerinə yetirməklə məşğul olub. Rəşad 1 həftə sonra komandayla məşqlərə başlayacaq\".
Son məşqdə eyni zamanda Maksim və Rauf da iştirak etməmişdi. Onların barəsində isə Oktay bəy belə deyib: \"Maksimin sol ayaq əzələsində, Raufun isə qasığında müəyyən problemlər var. Amma hər 2 zədə ciddi deyil. Rauf sabahdan etibarən məşqlərə başlaya bilər. Amma Maksimin bir neçə gün istirahətə ehtiyacı var\".

Son məşqdə eyni zamanda xəstələnən Namiq Yusifov da iştirak etməyib: \"Namiqin hazırda 39 dərəcə qızdırması var. Hazırda yataq vəziyyətindədir. Onun tam sağalması üçün 2 günə ehtiyac var\".
Nəzərinizə çatdıraq ki, bosniyalı hücumçu Zoran Kokot hazır olmadığı üçün məşqçi heyəti tərəfindən geri göndərilib. Makedoniyalı Nderim Nedzipi isə hələ də düşərgədədir. Məşqçilər heyəti 26 yaşlı futbolçu haqqında müsbət fikirdədilər.