"Azad Gənclər" İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qədim xalq sənəti-misgərlik" adlı layihə həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc Misgərlik sənətinin gənclərə daha yaxından tanıdılması, Azərbaycan misgərlik sənətinin tarixi haqqında beynəlxalq arenada təbliğat işlərinin aparılması, qədim misgərlik ocaqlarını təbliğ etmək məqsədilə qısametrajlı film hazırlanır.
Filmdə günümüzə qədər qorunub saxlanılan misgərlik sənətinin tarixi, incəlikləri, bu sənətlə məşğul olan nəsillər haqqında ustadlar tərəfindən geniş məlumat veriləcək.
Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi UNESCO tərəfindən rəsmi olaraq yenicə tanınmış bu qədim sənət növü haqqında yerli və beynəlxalq səviyyədə daha çox məlumat vermək, gənclərin bu sənətə diqqətini daha çox artırmaqdır. Həmçinin, qısametrajlı film günümüzdə bu sənətlə aktiv məşğul olan sənətkarların daha çox tanınmasına səbəb olacaq.