Musa Xanbabazadə və Etibar Əhədovun birgə müəllifliyi ilə yenicə çardan çıxan kitab belə adlanir: "Əlizadə Əsədov məktəbi". Bu kitabda uzun illər Əlizadə Əsədov haqqlnda yazılan ayri-ayri yazarların maraqlı müsahibələri, portret yazıları, şairlərin ona həsr olunan bir-birindən maraqlı şeirləri, müəlliflərin məzmunlu şərhləri, əlavələri ilə çap olunub. Həm də bu kitab Cənub bölgəsində idmanın böks növünün yayılmasında, inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş, SSRİ İdman Ustası, Əməkdar məqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Əlizadə Əsədovun 60 illik yubileyinə layiqli bir töhfədir.

Beləliklə, bu kitab Əlizadə müəllimə və onun həyatının maraqlı anlarına, idmanda qazandığı uğurlara həsr olunan üçüncü kitabdır. Bundan əvvəl isə Cənub bölgəsində ədəbiyyatın, jurnalistikanın inkişafında əvəzsiz xidmətləri olan çoxlu bədii əsərlərin və bir-birindən maraqlı kitabların müəllifi, ədəbiyyatımızın ağsaqqalı, dəyərli ziyalı, Azərbaycan Yazıçılar Birliyi Cənub bölgəsinin sədri İltifat Salehin Əlizadə Əsədova həsr olunan "Döyüş şöhrəti" və "Döyüşdə qazanılan şöhrət" kitabları da Əlizadə sevərlərin və məşhur məşqçinin şagirdlərinin stolüstü kitabları idi. Və inanıram ki, hələ bundan sonra da onun haqqında neçə belə kitablar yazılacaq. Çünki, Əlizadə Əsədov sağlığında adını Azərbaycan idmanının böks növü üzrə tarixə əbədi yazmış peşəkar idman mütəxəssislərimizdən biridir. Özü peşəkar böksla məşğul olduğu yeniyetməlik və cavanlıq ilərində dəfələrlə ölkə birinciliyinin, ümumittifaq yarışların qalibi olan Əlizadə Əsədov idmanın bu növü üzrə İdman Ustası olanda artıq tam qət etmişdi ki, Cənub bölgəsində idmanın boks növünü dirçəltmək məhz onun alnına yazılıb. Bu onun alın yazısı olmalıdır. Bu çətin və ağır iş həqiqətən də Əlizadənin alın yazısı oldu. Çünki öz evinin zirzəmisində, Lənkəran rayonunun Liman qəsəbəsində yaşayan uşaqlar üçün böks məktəbi yaradan Əlizadə müəllim o arzularla yaşayırdı ki, çətin də olsa idmanın bu növünü Cənub bölgəsində məşhurlaşdıracaq. Daxilində olan inamın, mübarizliyin nəticəsində o, bu arzusunu da reallaşdırdı. Həmin "zirzəmidən" çıxan uşaqlar sonralar təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və dünyada tanındı. SSRİ və Dünya çempionları oldular. Sonralar isə onlar da öz müəllimlərinin bu müqəddəs, şərəfli yolunu davam etdirib, məşqçi oldular və özləri də peşəkar idmançılar yetişdirdilər.
Kitaba ön söz yazan İltifat Saleh deyir ki, "16 yaşlı Əlizadə idmanın boks növünə necə alüdə oldusa, boks onun 46 illik yol yoldaşı oldu. Bu yolda özünün böyük zəhməti ilə yüksək pillələrə qalxdı. Bu idman növü onun həyatının mayakı, güzgüsü oldu. SSRİ İdman Ustası kimi fəxri ad qazandı. Əməkdar məşqçi kimi hamının sevimlisinə çevrildi. Beynəlxalq yarışları yüksək səviyyədə idarə etdi. Beynəlxalq səviyyəli yarışlarda paraddan keçəndə Əlizadə Əsədov qabaqda və bütün Azərbaycan komandası isə onun ardınca getdi. Özünün dediyi kimi ən çətin məqamlarda tez-tez Həsən müəllimin ona dediyi bu nəsihətli sözləri xatırladı: "Əlizadə, oğlum! Boksdan möhkəm yapış. Xoşbəxtliyi zəhmətdə axtar. Əgər xoşbəxtliyi zəhmətdə tapmasan, deməli, heç yerdə tapmayacaqsan".
Elə buna görə də müəlliminin, mənəvi atasının ümidlərini doğrultdu Əlizadə Əsədov. 16 yaşında öz yaşıdları arasında respublika çempionu oldu. Sonrakı iki ildə də bu yüksək pilləyə yüksəldi. Həmin illəri tez-tez yada salan Əlizadə müəllim, ulu öndər Heydər Əliyevlə bağlı bir görüşü də həmişə xatırlayır:
.jpg)
- 1972-ci ilin sonları idi. Bizim 7 nömrəli texniki peşə məktəbinə "Komsomolun 50 illiyi" adını vermişdilər. Advermə mərasimində dahi rəhbər Heydər Əliyev də iştirak edirdi. Ulu öndər "Şərəf lövhəsi" olan şəkillərə baxırdı. Mənim də şəklim ora vurulmuşdu. Dahi rəhbər şəkilləri "Şərəf lövhəsi"nə vurulan şagirdlərlə görüşən vaxt mənə yaxınlaşdıqda Həsən müəllim dedi:
- Əlizadə həm əlaçı şagirddir və həm də yaxşı boksçudur.
Heydər Əliyev gülümsünərək məndən hansı rayondan olduğumu soruşdu.
- Lənkərandanam, - dedim. Soruşdu ki, boksu harada öyrənibsən? Dedim ki, burada, texniki-peşə məktəbində. Lənkəranda boksla məşğul olmağa imkan yoxdur. Ulu öndər əlini çiynimə qoyub, gülümsündü və dedi:
- Lənkəranda da boks məktəbi olacaq. Hökmən olacaq.
.jpg)
Dahi rəhbərin bu sözləri elə bil ki, mənə böyük stimul, inam, qol-qanad verdi.
Əlizadə texniki-peşə məktəbini bitirib, ordu sıralanına getdi. Ordudan qayıdandan sonra doğma yurda dönüb, Lənkəranda olan 7 nömrəli Ərazi Nəqliyyat Kontorunda tokar kimi işə başladı. Mühəndis Fəxrəddin Məmmədovun yaxından maddi və mənəvi dəstəyi ilə burada boks məktəbini yaratdı. Amma texniki imkanlar zəif olduğuna görə, bu məktəbi hələ tam tikilib qurtarmamış evinin zirzəmisinə köçürtdü…

İki illik hərbi xidməti o, Leninqrad vilayətinin Vıborq şəhərində və Murmansk vilayətinin Severomorsk-1 şəhərində idman rotasında hərbi xidməti keçməklə, hərbi hissənin idman şərəfini qorudu. Boksçu kimi çoxlu yarışları qalib tərk etdi. Orduda xidmət etdiyi vaxt SSRİ İdman Ustası fəxri adını aldı. Artıq idman sahəsində böyük təcrübə toplamışdı. Ordudan tərxis olunandan sonra yenidən Lənkərana qayıtmaqla orduda idman səhəsində qazandığı təcrübəni artıq məqçi kimi evinin zirzəmisində uşaqlara öyrədirdi. Həmin vaxt bu məktəbdə 80-dən çox yeniyetmələr, cavanlar boksla məşğul olmağa başlamışdı. Hətta qonşu rayonlardan da bura məşq etmək üçün yeniyetmələr, cavanlar gəlirdi…
Kitabda ayrı-ayrı müəlliflərin yazılarından oxuyuruq ki, ömrünün 46 ilini idmanın boks növünə həsr edən Əlizadə Əsədov keçmiş illəri yada saldıqca bəzən təəccüblənir ki, Lənkəran kimi paytaxtdan uzaq bir rayonda bu qədər idmançı yetişdirə bilib. Açığı onun bu mənalı ömrü ilə tanış olduqda, özü ilə etdiyimiz söhbət zamanı təəccübləndik ki, insanda doğrudanmı bu qədər enerji, özünə inam, güc ola bilərmi? İnsan, doğrudanmı canı, qanı ilə Vətəninə, millətinə, milli idmana belə ürəkdən bağlı ola bilərmi?

Kitabın müəllifləri Əlizadə Əsədovun ömür yolunun qisa tarixçəsini belə maraqlı sətirlərlə yazırlar: "Müəllim ailəsində 1955-ci ildə Lerik rayonunun Züvüç kəndində dünyaya gələn Əlizadə İmran oğlu Əsədov bilmirdi ki, onun da alnına müəllimlik yazılıb. Amma atası kimi təhsil sahəsində yox, idman sahəsində. Atası İmran müəllim, əslən Masallı rayonunun Qızılağac kəndində dünyaya gələn, sonralar Liman ( keçmiş Port-İliç) qəsəbəsində yaşayan və Lənkəranda Pedaqoji Texnikumda təhsil alan belə bir ziyalı bu ucqar dağ kəndinə təyinatla işləməyə göndərilmişdi. Əlizadə də Züvüç kənddə dünyaya gəlmişdi. Atası İmran müəllim təkcə Züvüç kənd camaatının yox, qonşu kədlərdə yaşayan insanların da sevimlisi idi. Çünki bu məktəbdə qonşu kəndlərdən də çoxlu uşaqlar təhsil alırdılar. İmran müəllim də onların yüksək bilik alması üçün əlindən gələni edirdi. Bu gün respublikada onun yetirmələri olan çoxlu ziyalılar var. Onlardan bəziləri hətta respublika səviyyəli yüksək vəzifələrdə də işləyirlər. Və müəllimləri İmran Əsədovu heç vaxt yaddan çıxarmırlar. Onun haqqında öz xatirələrini qəzetlərdə, saytlarda yazırlar… Hətta onun haqqında xatirə kitabı da çap etdiriblər. Keçmiş illərin əziz xatirə şəkillərini internetdə yerləşdiriblər.
Əlizadənin atalı-analı illəri çox uzun sürmədi. Atası İmran Əsədov 15 il bu kənddə müəllim işləyəndən sonra, Əlizadənin cəmi 5 yaşı olanda dünyasını dəyişdi. Anası Göyçək xanım 4 qızı və 2 oğlunu da götürüb, Lənkəran rayounun Liman (keçmiş Port-İliç) qəsəbəsindəki qohumlarının yanına pənah gətirdi. O, gözü ilə od götürə-götürə, böyük əzab-əziyyətlə övladlarını böyütdü. Əlizadə 17 yaşında olanda anası Göyçək xanım da bu dünyala əbədi vidalaşdı. Ana itkisi onun üçün daha ağır oldu… Çünki atasını itirəndə onun cəmi 5 yaşı vardı. 5 yaşlı uşaq həyatda hələ çox şeyi dərk etmir. Amma 17 yaşlı Əlizadə artıq həyatın nə olduğunu, ananın ülviliyini, müqəddəsliyini yaxşı başa düşürdü…
Əlizadə birinci sinifə Liman qəsəbəsində getdi. Ailənin vəziyyəti ağır olduğuna görə, onu Astara rayon internat məktəbinə qoydular. O, uşaq yaşlarından artıq həmyaşıdlarından özünün çevikliyi, təşkilatçılığı ilə seçilirdi. Ona görə də məktəbdə oxuduğu illərdə, həmyaşıdları ilə futbol komandası yaratmışdı. Bu futbol komandası hətta özlərindən böyük olan uşaqlarla futbol oynayanda da onları udurdu. Əlizadə uşaqlıq yoldaşlarının dediyinə görə "od-alov idi" . Məhz onun şərəfinə həmin futbol komandasına "Alov" adı vermişdilər. Həmyaşıdları inanırdılar ki, Əlizadə gələcəkdə peşəkar futbolçu olacaq. O, özü də buna inanırdı. Amma peşə öyrənmək və ailəyə köməklik etmək məqsədi ilə Əlizadə Bakıya gəldi və Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Burada işləyən idman müəllimi Həsən Qarayev onun idman sahəsindəki inamını dəyişdi. Əlizadənin belə çevik və güclü olduğunu görüb, ona futbolla yox, boksla məşğul olmağı məsləhət bildi".
Kitabda Əlizadə Əsədovla bağlı çoxlu müsahibələr var. Həmin müsahibələrin birində Əlizadə müəllim belə deyir: "Müəllim, mənəvi ata deməkdir. Bir şeylə fəxr edirəm ki, bu uzun illərdə mənim yetirmələrimdən çoxu idmanda böyük uğurlara imza atıblar. Bu da bir müəllim, mənəvi ata kimi məni sevindirir. Təvazökarlıqdan uzaq olsa da, iki Əməkdar idman ustası, üç Əməkdar məşqçi, üç Beynəlxalq dərəcəli hakim, üç Azərbaycan Respublikasının Əməkdar məşqçisi, yeddi milli və respublika dərəcəli hakim, onlarla İdman Ustası və 100-dən çox ustalığa namizəd yetişdirmişəm. Bəhruz Hüseynov, Fərid Əsgərov və Rauf Ağayev kimi dünya çempionları mənim yaratdığım məktəbdə yetişiblər. Mənim yetirməm İlkin Ağyev Azərbaycan birinciliklərinin və çempionatlarının beş qat qalibi olub. Avropa birinciliyinin iki dəfə gümüş mükafatına layiq görülüb. Bir dəfə isə dünya çempionatında ikinci dərəcli mükafat alıb. Sonra isə İlkin Ağayev 2007-ci ildə Bakı şəhərində keçirilən dünya çemionatı yarışlarında kubalı Estrado Lazarona ikinci raundda tam üstünlüklə qalib gələlərək dünya çempionu oldu. Sonrakı illərdə isə həmin Estrado Lazaro iki qat dünya çempionu adına layiq görüldü. Olimpiya çempionatında üçüncü yeri tutdu. Amma ən dəhşətlisi budur ki, dünya çempionu olan və dünya səviyyəli yarşıların ən yaxşı boksçusu adına layiq görülən, gələcəkdə Olimpiya çempionu olacağına inandığımız İlkin Ağayev isə həmin yarışdan sonra yaddan çıxdı. Unuduldu. Olimpiya oyunlarına isə onun yerinə başqasını apardılar. Amma nəticədə həmin boksçu elə birinci görüşdə uduzaraq Olimpiya yarışlarını erkən başa vurdu. Eləcə də İlkin Ağayevi yetişdirən mən, müəllim-məşqçi Əlizadə Əsədovun da yetirməm kimi yüksək səviyyəli yarışlara yolum bağlanıb. Hansı səbəbdənsə məni daha Respublika və Beynəlxalq yarışlardakı hakimliyə dəvət etmirlər. Məşqçi kimi də yarışlarda iştirak etmirəm… Bu gün unudulmağımın səbəbini hələ də bilmirəm. Səbəb nədir? Kimdir günahkar? Məgər mənim günahım belə dünya səviyyəli idmançılar yetişdirməkdirmi? Doğrudanmı Azərbaycanda boks üzrə mənim kimi təcrübəli, bacarıqlı məşqçilər o qədər çoxdur ki, artıq mən yada düşmürəm?.. Bax bu suallara cavab tapa bilmirəm.
Öz evimin zirzəmisində yetişdirdiyim Zahid Mehdiyev 1987-ci ildə Yevpatoriya şəhərində keçirilən SSRİ Həmkarlar İttifaqları birinciliyində çempion oldu. 1988-ci ildə Rusiyanın Rastov- na Donu şəhərində keçirilən SSRİ birinciliyində də çempion kimi ən yüksək pilləyə yüksəldi. Bu iki qələbə də həmin vaxt böyük qələbələr sayılırdı. Fikirləşirdik ki, Zahid Mehdiyevə Azərbaycanda daha böyük şərait yaradılacaq və o, dünya idman pillərində ən yüksəkdə dayanmaqla respublikamıza daha böyük uğurlar gətircək. Amma elə olmadı… Ona Azərbaycanda böyük biganəlik olduğuna görə Zahid Mehdiyev Belarusiya Respublikasına köçdü. 2008-ci ildə isə Belarusiyanı yarışlarda təmsil etməklə Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində dünya çempionatında üçüncü yerə layiq görüldü. Beləliklə, bu xidmətinə görə, ona Belarusya Respublikasının Əməkdar İdman Ustası fəxri adı verildi. İdman sahəsində ali təhsilini də Minsk şəhərində aldı. Sonra isə oradan Almaniyaya köçdü. İndi özünün çoxlu yetirmələri var ki, dünya yarışlarında öz sözlərini deyirlər. Zahid Mehdiyev Almaniyanın fəxri vətəndaşıdır. Həmin ölkənin boks üzrə yığma komandasının A kateqoriyalı məşqçi-müəllimidir. Əgər Zahid Azərbaycanda qalsaydı dünya səviyyəli çoxlu boksçular yetişdirərdi"...
Müəlliflər kitabda onu da vurğulayırlar ki, Əlizadə Əsədov vaxtı ilə boks sahəsində ona köməklik edən məşqçilərini, müəllimlərini də heç vaxt unutmur. Söz düşəndə onlardan biri haqqında belə deyir: "Mənə boks sahəsində uğurlar qazanmaqda böyük xidməti olan, məminlə hərbi xidmətdə bir yerdə olmuş və həmin vaxtdan da boks sahəsində mənə çox şeyi öyrədən müəllimim, Aviasiya Akademiyasının müəllimi, SSRİ İdman Ustası, Respublikanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Sədərək İdman Klubunun direktoru Aydın Məmmədovu heç vaxt unuda bilmərəm. O, ən çətin vaxtlarımda mənə böyük ürək-dirək verib. Mənim tərbiyəçim olmaqla, ən çətin məqamda arxamda dayanıb, məni şər qüvvələrdən qoruyub. Ümumiyyətlə, mənim uğurlarımda Aydın müəllimin əvəzsiz xidmətləri olub".
Əlizadə Əsədov öz işini boksla bitmiş hesab etməyib. Lərkəranda "Neftçi" İdman Klubunun və "Spartak" İdman Cəmiyyətinin yaranması da məhz onun adı ilə bağlıdır. Məhz onun sayəsində də hər iki təşkilat uzun illərdir Lənkəran rayonunda böyük uğurlu işlərə imza atır. Əlizadə müəllimin üç oğlu və üç nəvəsi də boksla məşğul olurlar. Oğlanları Elbrus, Seymur və Xəyal atalarının yolunu uğurla davam etdirirlər. Onlar boks üzrə idman ustalığına namizəddirlər. Elbrus Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində Yuri Sadçemko adına boks məktəbində məşqçı-müəllimdir. Onlar müxtəlif sahələrdə ali təhsil alsalar da artıq idman sahəsində də öz sözlərini deyirlər. İnanırıq ki, nəvələri də babalarının başladığı böyük, müqəddəs yolu uğurla davam etdirəcəklər.
Müəlliflər yazırlar ki, idmanda 46 illik fəaliyyəti Əlizadə Əsədova böyük ad-san gətirməklə, onu Cənub bölgəsində idmanın ağsaqqalı kimi tanıdıb. Baxmayaraq ki, o, SSRİ İdman Ustasıdır, Əməkdar məqçidir, Beynəlxalq dərəcəli hakimdir, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir, amma hamı onu Cənub bölgəsində bu adla tanıyır: "Boksun atası".
İltifat Salehin ona həsr etdiyi və bu kitabda çap olunun şeirinin bu misraları Əlizadə Əsədova paxıllıq edənlərə, onun bu müqəddəs işində yolunu kəsənlərə tutarlı cavabdır:
- Əlizadə İmran oğlu
Lənkəranda boksun
atasıdır, atası.
Ona paxıl olanlar,
Qəm, kədərin içində
Batasıdır, batası!
İnanırıq ki, özündə çoxlu maraqlı yazıları toplayan və oxunaqlı olan bu kitab da əvvəlki kitablar kimi Əlizadə sevərlərin çox oxuduğu kitablardan biri olacaq və həm də onun şərəfli idman yolunu öyrənmək üçün gələgək nəsillərə bir ərmağan kimi qalacaq. Biz də həyatda Əlizadə Əsədova can sağlığı və Cənub bölgəsinin idmanını bundan sonra da dünya səviyyəsində tanıtmağı arzu edirik.
Deməli, dünya səviyyəli idmançılar yetişdirmək və bu idmançıları da dünyada tanıtmaq özü böyük fəxarət, hünərdir. Bu hünərə imza atanlardan biri də məhz Əlizadə Əsədovdur.
Bu gün ölkə başçımız İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafına əllərindən gələn köməklikləri edirlər. İnanırıq ki, Cənub bölgəsində boksu daha da inkişaf etdirmək üçün belə təcrübəli mütəxəssisə yəqim ki, bundan sonra da lazım olan bütün şəraitlər yaradılacaq.
Fikirlərimi kitabda çap olunan Səkinə Əsədovanin əmisi Əlizadə müəllimə həsr etdiyi "Ata yurdunun keşikçisisən" şeirindən bu sətirlərlə tamamlayıram:
Həmişə günəşə, zirvəyə doğru,
Boksun Cənubda atası sənsən.
Bu ata yurdunun, nurlu ocağın,
Əzəli, əbədi keşikçisisən!
İdmanın Cənub bölgəsində müdrik, bacarıqlı keşikçisi olam və ölkə başçımızın bu sahədə arzularını doğruldan Əlizadə müəllim, nurlu ocağınız mübarək!
Ağalar İDRİSOĞLU, Yazıçı-jurnalist, rejissor, Əməkdar İncəsənət Xadimi