AZAL növbəti dəfə əzmkar qələbə qazandı

30 Aprel 2016 20:49 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turunun ikinci matçında AZAL klubu "Xəzər Lənkəran"ı qəbul edib. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən oyunda ədalət prinsiplərinİ Ramil Diniyev qoruyub. Ona Rahil Ramazanov, Vüsal Qənbərov və Rəhim Həsənov kömək ediblər.

AZAL-ın ilk 11-liyində Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Emin Cəfərquliyev, Kamil Hüseynov, İlqar Ələkbərov, Hacı Əhmədov, Mirzağa Hüseynpur, Ruslan Nəsirli, Adan Koronado və Aleksandr Quruli yer alıb.

Ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Məhəmməd Bədəlbəyli, Aydın Qasımov, Seyidrəzi Ağayev, Nuqzar Kvirtiya, Elmin Çobanov və Qvanzav Maqomedov gözləyiblər.

"Xəzər Lənkəran"ın start heyətində Tərlan Qasımzadə, Ruslan Cəfərov, Asif Mirili, Orxan Səfiyaroğlu, Vüqar Bəybalayev, Tural Qürbətov, Nodar Məmmədov, Vaquf Güləliyev, Tural Cəlilov (k), Zaman Mirzəzadə və Mahsun Qəmbərli meydana çıxıb.

Ehtiyat oyunçular skamyasında Orxan Sadıqlı, Bayram Budaqov, Elfad Baləhmədov, Hüseyn Xəlilzadə, Kənan Həsənov, Xaqani Sadıqov və Kənan Bağırzadə baş məşqçinin onlara verəcəyi şansı gözləyiblər.

Avrokuboklar iddiasında olan Tərlan Əhmədovun yetirmələri turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz başa vurublar. AZAL Şüvəlanda həmişə olduğu kimi, yenə də əzmkar oyun nümayiş etdirib. "Təyyarəçilər" rəqibi 1:0 hesabı ilə məğlub ediblər. Meydan sahibləri matçın 54-cü dəqiqəsində Nuqzar Kvirtiyanın qolu ilə görüşdən 3 xalla ayrılıblar. "Xəzər Lənkəran" isə 20 matçlıq qələbə həsrətinə yenə də son qoya bilməyib.

Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında fikirlərini bildirib: "Çempionatda asan rəqib və oyun yoxdur. Bu oyun da çətin keçdi. Vacib olan 3 xal idi ki, onu da qazandıq. Bundan sonra bütün diqqətimizi "Neftçi" ilə oyunun hazırlıqlarına yönəldəcəyik. Həmin oyundan ən azı 1 xal götürməliyik ki, Avrokubok şansımızı saxlaya bilək".

Beləliklə, AZAL 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb, Lənkəran təmsilçisi isə 14 xalla autsayder "Rəvan"la birlikdə son pilləni bölüşür.