“YAP K-2016” adlı kartinq yarışı keçirilib SƏS TV

30 Aprel 2016 14:09 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən 17-19 iyun 2016-cı il tarixlərində Bakıda keçiriləcək mötəbər yarışlardan birinə, "F-1 Avropa Qran Prisi"nə dəstək olaraq bu gün Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənlər Birlikləri arasında "YAP K-2016" adlı kartinq yarışı keçirilib. Tədbiri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucov açaraq, yarış iştirakçılarına uğurlar arzu edərək, Qran Prinin əhəmiyyəti haqqında danışıb.

Qeyd edib ki, Monako və Sinqapur Qran Priləri kimi biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik. 20 ölkənin ev sahibliyi etdiyi "Formula 1" yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. "Formula 1" yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyada olan "Formula 1" fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər.

YAP təşkilatlarının Gənlər Birlikləri arasında "YAP K-2016" adlı kartinq yarışının sonunda qaliblər mükafanladırılaraq, kubok və diplomlarla təltif edildi.