"Qəbələ" gümüş medal qazanıb

30 Aprel 2016 10:54 (UTC+04:00)

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. SİA-nın məlumatına görə, "Qəbələ"nin U-19 komandasının "Bakı" ilə qarşılaşması rəqib matça gəlmədiyindən baş tutmayıb. Bu matçla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək. "Qırmızı-qaralar" 18 oyundan sonra 49 xalla 2-ci pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasına da yekun vurulub. "Qırmızı-qaralar" "İnter"lə son turun səfər oyununda 3:1 hesabı ilə qalib gəlib. 26 matçda 63 xal toplayan "Qəbələ" 2-ci pilləni tutub. Komandanın hücumçusu Cavidan Qasımlı 21 qolla bombardirlər yarışında 3-cü olub.

Çempionluğu mövsüm başa çatmamış rəsmiləşdirən U-15 də son matçını keçirib. "Qəbələ" səfərdə "Rəvan"ın qapısına 11 cavabsız qol vurub. Bununla da "qırmızı-qaralar" çempionatı 100 xalla bitirib. 34 oyunda 33 qələbə qazanıb, 1 heç-heçə edən komanda 155 qol vurub, 13-nü buraxıb.
Zona yarışlarında uğurla çıxış etmiş U-14, U-12, U-11 və U-10 komandaları isə final mərhələsində mübarizəni davam etdirib. U-11 1/8 finalda Siyəzən UGİM-inə 2 dəfə qalib gəlib - 8:3, 1:0. U-12 isə 1/4 finala "Füzuli" komandası üzərində qələbələrlə yüksəlib - 10:2, 3:0. U-14 Liqasında isə 1/4 finalın ilk oyunu keçirilib. Komanda "Vətən" RİOEUG-la ev oyununda 3:0 hesabı ilə qalib gəlib.

U-10 isə artıq yarımfinaldadır. "Qırmızı-qaralar" 1/4 finalın İOEUGİM (Sumqayıt) ilə oyunlarında səfərdə daha çox qol vurduğu üçün qalib gəlib - 1:1, 2:2.

U-19 Qızlar Liqasında çıxış edən "Qəbələ" XVI turda "Neftçi"yə 2:3, XVII turda "Fidan"a 0:6 hesabı ilə uduzub. Hesabında 17 xal olan komanda 5-ci pillədə qərarlaşıb.