Ermənistan həlli mümkün olmayan qarşıdurmalara səbəb ola bilər

29 Aprel 2016 20:53 (UTC+04:00)

Ermənistanın Azərbaycan vətəndaşlarını və uşaqları hədəf seçərək atəşkəsi pozması həlli mümkün olmayan qarşıdurmalara səbəb ola bilər. SİA xəbər verir ki, bu sözləri Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş "Anadolu" agentliyinə açıqlama verərkən deyib.

Haldun Yavaş Ermənistanın dinc əhaliyə və onlara məxsus yaşayış obyektlərinə, məktəblərə, səhiyyə ocaqlarına iri çaplı silahlarla hücumunu etməsini İŞİD-in həyata keçirdiyi hücumlara bənzədib. Bu tip hücumlar qarşısında Azərbaycanın qarşı tərəfin sadəcə hərbi obyektlərinə cavab verdiyini qeyd edən baş katib atəşkəsə baxmayaraq Ermənistanın təcavüzkar davranışlarını davam etdirəcəyi təqdirdə həlli mümkün olmayan qarşıdurmalara yol aça biləcəyini bildirib: "Ermənistan tərəfi xüsusilə mülki əhaliyə və obyektlərə qarşı diqqətli davranmalı və provokativ hərəkətlərə yol verməməlidir".

O vurğulayıb ki, Ermənistan silahlı qüvvələri vətəndaşlara qarşı ciddi pozuntulara yol verir: "Bu tip davranışlara qarşı başda ATƏT-in Minsk qrupunun üzvləri olmaqla bütün beynəlxalq ictimaiyyət lazımı reaksiyanı verməlidir. Əks təqdirdə bölgədə qarşısı alınmaz gərginlik yaşana bilər".