Erməni deputat: "Rusiya Ermənistanı Azərbaycana qurban verəcək"

29 Aprel 2016 17:32 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda Ermənistan-Rusiya münasibətləri kəskinləşib və münasibətlər getdikcə daha da pisləşəcək". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq baş naziri, Milli Məclisin deputatı Hrant Baqratyan açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı üçün o qədər də önəm kəsb etmir: "Rusiya Azərbaycanı cəlb etmək üçün bu məsələdə Ermənistandan vasitə kimi istifadə edirdi. Rusiya bundan sonra da Ermənistanı öz maraqlarına qurban verəcək".

Millət vəkili Rusiya tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planı olduğunu dilə gətirib: "Lakin həmin plan Ermənistanın maraqlarına uyğun deyil. Lavrovun son səfəri zamanı həmin planı ortaya qoymamasının səbəbi Ermənistanı tam şəkildə itirməkdən ehtiyat etməsi idi. Lakin Rusiya Azərbaycanın gələcək fəaliyyətinə əminlik hiss etdiyi təqdirdə tərəddüd etmədən Ermənistanın maraqlarını qurban verəcək".