Bakıya "Ruhlar" gəlir FOTOLAR

29 Aprel 2016 17:19 (UTC+04:00)

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, teatr kollektivi mayın 4-5-də "Ruhlar" tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan "Ruhlar" tamaşasının quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələrə görə, bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu söz-söhbətlərə son qoymaqdan ötrü evi təmənnasız olaraq, yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuala şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuala Alfredo ilə bağladığı "saziş" barədə arvadına xəbər vermir.

Səhnə əsərində əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

Qeyd edək ki, "Ruhlar" tamaşası I Şəki Beynəlxalq Teatr Festivalında Təşkilat Komitəsinin diplomu ilə mükafatlandırılıb.