Dünya stomatoloqları Bakıda bir araya gəldi FOTOLAR - SƏS TV

29 Aprel 2016 16:19 (UTC+04:00)

Bu gün Azərbaycan Stomatoloji Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, plenar sessiyanın işində Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti professor doktor Patrik Heskot, parlamentin spikeri Seeberger Gerhard, Avropa regional təşkilatının prezidenti Filipp Rusca, Elekt şirkətinin prezidenti Anna Lella və Avropanın 24 ölkəsinin stomatoloji assosiyasiyalarının rəhbərləri iştirak edirlər.

Öncə Azərbaycan Stomatologiya Assosiasiyasının təqdimatı olub.

Daha sonra çıxış edən Azərbaycan Stomatologiya Assosiasiyasının vitse-prezidenti Kamran Şahbazov qonaqları Bakıda görməkdən şad olduğunu dilə gətirib. O bildirib ki, ASA 1998-ci ildən Ümumdünya Stomatoloqlar Federasiyasının, 2003-cü ildən isə Avropa regional təşkilatının üzvüdür: "Bu təşkilatlarla uzunillik məhsuldar əməkdaşlıq və beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın əldə etdiyi uğurlar bizə Plenar sessiyanın keçirilməsi üçün Bakı şəhərini təqdim etməyə icazə verdi.Sessiyanın işi zamanı 21-ci əsrdə Avropa stomatologiyasının gündəmi, məqsəd və vəzifələrini müzakirə edəcəyik. Həmçinin Avropada liberal diş təcrübəsi üzrə işçi qrupunun fəaliyyətinin nəticələri dinləniləcək, praktiki həkimlərin universitetlərlə qarşılıqlı əlaqəsi, inteqrasiya, stomatologiyada keyfiyyət, fasiləsiz tibbi təhsil, Stomatoloji idarə komandası, büdcə və digər məsələlər müzakirə olunacaq".

Çıxış edən Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Rəna Əliyeva qeyd edib ki, ASA ölkə daxilində olduğu kimi, beynəlxalq fəaliyyətini də uğurla davam etdirir: "Assosiasiyamızın əsas məqsədlərindən biri də məhz beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir. Bu gün tam əminliklə deyə bilərik ki, biz buna nail olmuşuq. Bütün bu uğurların kökündə şübhəsiz ki, Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğısı dayanır. Biz də öz növbəmizdə dövlət başçısının səhiyyə işçilərinə göstərdiyi etimadını doğrultmağa çalışır, bu yöndə fəaliyyətimizi daha da irəliyə aparmağı düşünür, yeni-yeni uğurlara imza atmağı qarşımıza məqsəd kimi qoymuşuq. Hesab edirəm ki, bu sahədə qazanılan uğurlarımız kifayət qədərdir".

Çıxış edənlər bu sahədə ölkələr arasında olan əməkdaşlıqdan məmnun olduqlarını və bu yöndə yeni layihələrin hazırlandığını diqqətə çatdırıblar.

Qeyd edək ki, sessiyanın gedişi zamanı Avropa regional təşkilatının rəhbər orqanlarına seçkilər keçiriləcək, 2016-cı ilin sentyabr ayında Poznan şəhərində keçiriləcək Ümumdünya Stomatoloqlar Federasiyasının illik konqresi zamanı təltifetmə taktikası işlənib hazırlanacaq. Növbəti plenar sessiyanın aprel ayının 7-si 2017-ci il tarixində Cenevrə şəhərində keçirilməsi qərara alındı.