Arzu Nağıyev: “Şərti ancaq Azərbaycan qoya bilər” MÜNASİBƏT

29 Aprel 2016 15:18 (UTC+04:00)

"Bu gün Sarkisyan hər hansı bir şərt irəli sürmək iqtidarında deyil. Bütün bunların hamısı siyasi gedişlərdir və havadarlarının diktəsilə səsləndirilir.Yəni, münaqişənin sülh yolu ilə həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. Ermənistan da bir tərəf kimi təklif edə və fikir söyləyə bilər. Ancaq şərt qoymaq isə artıq öz hakimiyyətini saxlamaq üçün manevrlərdir". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Ermənistan prezidentinin irəli sürdüyü şərtlərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün şərti ancaq Azərbaycan qoya bilər: "Əsas tələb də erməni təcavüzkarlarının ərazimizi tərk etməsindən ibarətdir. Əks halda onlar hərbi yolla çıxarılacaqlar. Sarkisyanın şərt kimi səsləndiyi sözlər cəfəngiyyatdır".

Son günlər ermənilərin Azərbaycanı təxribata çəkmə cəhdlərini gücləndirməsi məsələsinə də toxunan Arzu Nağıyev bununla ermənilərin dolayı yol ilə Sarkisyanın guya danışıqlara getmək fikri olmadığını hərbi yolla bərkitməyə çalışmaq istədiklərini deyib: "Dinc əhalini vurmaqla dünyaya göstərməyə çalışırlar ki, guya Azərbaycan tərəfi dinc əhali ilə öz hərbi potensialını gizlədir. Cavab atəşi ilə Azərbaycan tərəfi onların hərbi obyektlərini vurur, lakin ermənilər isə əksini deyir və insan haqlarından dəm vururlar. Bu isə Sarkisyan və onun komandasının aqressiv və qeyri-adekvat hərəkətlərinin bariz nümunıəsidir"