Mərkəzi Bankın sədri Fransanın keçmiş Baş nazirini qəbul edib

29 Aprel 2016 10:44 (UTC+04:00)

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda səfərdə olan Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Vilpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əlaqələr, Azərbaycanda neft sektorundan asılı olmayan, diversifikasiya olunmuş iqtisadiyyat modelinin tətbiq edilməsi məqsədilə hazırda ölkədə keçirilən geniş miqyaslı iqtisadi islahatlar və bununla əlaqədar Azərbaycanın Fransa ilə iqtisadi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.

E.Rüstəmov Azərbaycan və Fransa arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişaf məsələləri, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verdi.

Dominik de Vilpen öz növbəsində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini qeyd edərək Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğuladı. O, Fransanın inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirdi.

Görüşdə həmçinin, ölkələr arasında "Yeni ipək yolu" layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.