Ceyhun Cavadov: "Bizə qələbə lazımdır" AÇIQLAMA

29 Aprel 2016 10:09 (UTC+04:00)

"Rəvan" futbol klubu turnir cədvəlində sonuncu pillədə olsa da, ötən tur Avroliqaya iddialı AZAL-ı məğlub edə bildi. AZAL güclü rəqibdir. Oradakı oyunçular futbol oynamağı yaxşı bacarırlar". SİA-nın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Ceyhun Cavadov deyib. Gənc yarımmüdafiəçi komandasının Topaz Premyer Liqasının XXXII turunda "Rəvan" ilə baş tutacaq oyununun gərgin keçəcəyini deyib. "Bu komandadan ehtiyatlanmağa dəyər. İkinci dövrədə Gəncədə keçirilən ev oyununa rahat çıxmışdıq deyə, onlar səfərdən bir xal aparmağa müvəffəq oldular. İndi belə olmamalıdır. Bu dəfə rəqibi ciddiyə almışıq. Bizə qələbə lazımdır".

Cavadov qarşıdakı matça hazırlıqla bağlı da fikirlərini bölüşüb: "Oyuna yaxşı hazırlaşmışıq. Sonuncu matçda qələbə qazandığımızdan əhval-ruhiyyəmiz də yaxşıdır. Uşaqlarla deyib-gülürük, hər şey qaydasındadır".

Qeyd edək ki, "Rəvan"a qarşı görüşdə Kərim Diniyev cəzalı olduğundan "Kəpəz"ə kömək edə bilməyəcək. Diniyevin yoxluğu dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Cavadovun meydana çıxmaq şansını artırır: "Baş məşqçimiz sağ olsun, oynamaq üçün mənə mütamadi imkan yaradır. Düzünü desəm, şans gözləyirəm. Meydanda mübarizə aparmağa da hazıram".