Erməni atəşindən bir nəfər dünyasını dəyişdi

28 Aprel 2016 22:57 (UTC+04:00)

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında əməliyyat edilsə də, bir neçə saatdan sonra komaya düşüb. Komadan ayılmayan Ə.Hüseynov dünyasını dəyişib.

Digər yaralı, Əfətli kənd sakini, Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan Məmmədov Elnur Polu oğlunun vəziyyəti ağırdır.

R.Məmmədov deyib ki, hadisə nəticəsində xəsarət alan digər 6 kənd sakininin vəziyyəti isə orta-ağır qiymətləndirilsə də, həkimlər onların həyati təhlükəsi olmadığını bildirir.

Xatırladaq ki, bundan əvvəl ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub.

Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (Trend)