Xarici qonaqlar Forumla bağlı təəssüratlarını SƏS TV ilə bölüşdü

28 Aprel 2016 18:20 (UTC+04:00)

Bakıda aprelin 25–dən 27-dək keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun iştirakçıları Azərbaycanı dünyaya nümunə olacaq ölkə hesab edir. Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işini uğurla başa vurdu. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqlar bu tədbir haqqında ürək sözlərini SƏS TV ilə bölüşdülər. Onların bir neçəsini təqdim edirik.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta:

"Bakıda aprelin 25–dən 27-dək keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumda iştirak etmək çox maraqlı idi. Mən Forumda 2 gün iştirak etdim. Forumda müxtəlif səpkidə həyata keçirilən müzakirələri çox maraqla dinlədim. Həqiqətən də müxtəlif müzakirələrdə tədbirə qatılan insanlar maraqlı mövzulara toxunmuşdular. Bu mövzulardan biri isə cəmiyyətləri ən yaxşı dərəcədə inklüziv etməkdir. Ümumiyyətlə, cəmiyyətlər daxilində yaxınlaşmanı təmin etmək istiqamətində çox maraqlı müzakirələr həyata keçirilmişdi. Eləcə də zorakı olan ekstremizmə qarşı fəaliyyətlərin yönəldilməsi istiqamətində müzakirələr aparılmışdı. Əsas müzakirələrin teması bilavasitə daha inklüziv, inkişaf etmiş cəmiyyətlərə təkan vermək və bu kimi cəmiyyətlərin yaradılması, inkişafı idi. Mən Forumda mədəniyyətlərarası mükafatın təqdimatında iştirak etdim. Tədbir çox maraqlı idi. Çox şadam ki, mükafatın alıcıları sırasında eyni zamanda ABŞ-ın təmsilçiləri də olmuşdu".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da fikirlərini bölüşən R.Sekuta deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olması üçün işləyəcəyik. ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülh sazişi üzərində işləməyə çağırır. Biz münaqişə tərəflərini atəşkəs rejiminə əməl etməyə çağırırıq".

Əfqanıstanın nümayəndəsi Mohammadshoaib Nasırı:

"Bakıda aprelin 25–dən 27-dək keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun iştirakçısı olduğum üçün çox xəşbəxtəm. Forumda dünyanın əksər ölkələrindən Bakıya gəlmiş nümayəndələrlə tanış olmaq imkanı əldə etdim. 150-dən çox gənc liderlərlə tanış olub informasiya mübadiləsi apardıq. Həmçinin mənə digər gənc liderlərlə tanış olub onların gördükləri işlərlə yaxın tanış olmaq nəsib oldu. Forumda imkanım oldu ki, dünya ictimaiyyətinə bizim çatışmayan cəhətlərimizi və gənclərimizə necə kömək etmək imkanını çatdırım".

İndoneziyanın nümayəndəsi Husnan Fananie:

"Forum elə bir tədbirdir ki, bu, hər il keçirilir. Burada dünyanın bütün ölkələrindən gəlmiş çox maraqlı insanlarla təmasda olmaq imkanı əldə etdik. Həmçinin biz söhbətlərimizdə bir-birimizi necə başa düşdüyümüzün, eləcə də problemlərimizlə bir-birimizin mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduq. Forum vasitəsilə xalqların, ayrı-ayrı millətlərin dini, həyat fəlsəfəsini öyrənmək imkanı əldə etdik. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da fəlsəfə və mədəniyyət özünəməxsusdur. Onu da qeyd edim ki, insanalr bir-birini fəlsəfə mədəniyyəti ilə yaxşı anlayır. Ona görə də mədəniyyəti insanların diplomatiyası adlandırmaq olar. Beləliklə biz Forum çərçivəsində sülhü necə qurmağı, qazanmağın yollarını müzakirə etdik. Eyni zamanda bütün dünyada ekstremizmin azaldılması ilə bağlı fikir mübadiləsi apardıq. Bununla yanaşı dünyada qadın və kişi hüquqlarının müdafiə olunmasına, hər bir insanın dil, din hüququnun olması sahəsinə də geniş yer ayırdıq. Mən müsəlmanam və ömrüm boyu bu inancı qoruyub saxlamalıyam. Beləliklə Forumun ən ali məqsədi bütün dünyada gözəl və sülhpərvər bir həyatın qurulmasına töhfə verməkdir".

Beynəlxalq Sülh Təşkilatının nümayəndəsi Tageldin Hamad:

"Bakı çox gözəl şəhərdir. Təəssüflər olsun ki, mən bu təbiət incisini əvvəllər tanımamışam. Əgər tanısaydım bu mənim birinci yox, bir neçənci səfərim olardı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və buranın insanlarına qonaqpərvərliyinə görə təşəkkürümümü bildirirəm. Qeyd etməliyəm ki, Forum hər mənada çox gözəldir. Mən bundan yaxşısını dünyanın heç bir yerində görməmişəm. Xüsusən də Bakıda keçirilən Forum çox yüksək səviyyədə baş tutdu. İnanıram ki, Forumda qəbul etdiyimiz bəyanat bütün milli alyansın əməkdaşlarında böyük rol oynayacaq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə düşünürəm ki, bütün münaqişələr ən sonda sülh yolu ilə öz həllini tapmalıdır. Hələ indiyədək baş verən müharibələrdə son sözü silah deməyib. Silahdan sonra qələm öz sözünü deməlidir. Fikirləşirəm ki, heç bir ölkə, o cümlədən Azərbaycan müharibə istəmir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların 20 il davam etməsinin səbəbi də məhz budur. Biz münaqişənin həlli ilə bağlı ən optimal mövqeyi variantı seçməliyik. Beynəlxalq qanunlara hörmətlə yanaşılmalı və bütün ölkələr çıxarılan qərarlara əməl etməlidirlər. Mən bilirəm ki, Azərbaycanın dostları çoxdur. Siz dost ölkələrə müraciət edib bu münaqişəni həll edə bilərsiniz. Onu da bilirəm ki, siz beynəlxalq təşkilatlara müraciət etmisiniz. Lakin Dağlıq Qarabağ məsələsi öz həllini tapmayıb".

Konqo Respublikasının nümayəndəsi Christian Cırhıgırı:

"Bakıda keçirilən Forum mənə çox şeyi verdi. Bu da yeni dostlar qazandırır. Burada ayrı-ayrı cəmiyyətlərin, ölkələrin nümayəndələri ilə görüşdüm. Bizim üçün yaradılmış şərait imkan verdi ki, bir-birimizlə ortaq məxrəcə gəlmək imkanını və yollarını axtaraq. Bakıya ilk dəfə idi gəlirəm. Bu məni çox heyrətləndirdi. Azərbaycanın insanları qonaqpərvər və dostcanlıdırlar. Bakı dünyanın inkişaf etmiş ən gözəl şəhərlərindən biridir. Azərbaycan hakimiyyətinə və şəxsən cənab Prezident İlham Əliyevə bu tədbirin keçirilməsinə və yaradılan şərait üçün təşəkkürümü bildirirəm".