Əməkdar artistin xatirəsi anılacaq FOTOLAR

28 Aprel 2016 16:05 (UTC+04:00)

30 aprel saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Xanlar Muradovun 70 illik yubileyi qeyd olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xanlar Muradovun xatirəsini anmaq məqsədilə, O. Kazimi və R. Heydərin "Qızıl toy" iki hissəli musiqili komediyasının növbəti nümayişi sənətkara həsr ediləcək.

Qeyd edək ki, Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında aktyor işləyib. Sumqayıt teatrında Şeyda ("Toy", Sabit Rəhman), Qurban ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Axund ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Sırodovey ("Tribunal", Aleksandr Makoyonok), Yaqub ("Həmyerlilər", Altay Məmmədov), Silvester ("Skapenin kələkləri", Jan Batist Molyer), Bədurətdin ("Bu meydan, bu şeytan", Firudin Aşurov), Qələndərov ("Gülməyən adam", Əfqan Əsgərov), Şair ("Paralelimin nəbzi", Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal ("Durna", Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa ("Boşanaq, evlənərik", Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam ("Həyətim mənim, həyatım mənim", Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal ("Qız görüşə tələsir", Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi ("Qızıl toy", Ramiz Heydər, Oqtay Kazimi), Vəli ("Məzəli əhvalat", Ruhəngiz Qasımova), Xudayar bəy ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa ("Nəğməli könül", Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq ("Lənət şeytana", Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyli), Əlimərdan ("Gözün aydın", Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd ("Lotoreya", Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu ("Səhnədə məhəbbət", Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.

Aktyor teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə əməkdar artist adına layiq görülüb.

Xanlar Muradov 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.