"I Şah İsmayıl-sərkərdə və hökmdar" FOTOLAR

28 Aprel 2016 15:46 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl-sərkərdə və hökmdar" sərgisi ilə bağlı kütləvi informasiya vasitələri (KİV) tərəfindən gündəmə gətirilən bir sıra mübahisəli məqamları müzakirə etmək məqsədi ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda tarixçilər, şərqşünaslar və KİV nümayəndələri iştirak edib.

Tədbirin açılışını edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı aprelin 15-də açılışı gerçəkləşən sərginin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirib. Onun sözlərinə görə, sərgi ictimaiyyətin ixtiyarına verilən gündən etibarən, qısa zaman çərçivəsində 1100-dən artıq tamaşaçı tərəfindən ziyarət olunub: "Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və yaradıcılığı haqqında yaradılan sərgiyə belə marağın olması çox sevindirici və qürurlu haldır. Lakin bir sıra KİV nümayəndələri tərəfindən ortaya atılan əsassız ittihamlar bizi məyus etdi. Belə ki, Şah İsmayılın XVI əsrdə naməlum Florensiyalı rəssam tərəfindən çəkilmiş portretinin yan tərəfinə yazılan "Sophy PERS" (Fars (İran) hökmdarı) sözləri üzərində dayanıldı və bu məqam tarixi şəxsiyyətə olunan hörmətsizlik kimi qələmə verildi. Bu, doğru davranış deyil. Çünki bizim tarixi təhrif etmək hüququmuz yoxdur. Sərgi yaradılanda bir sıra tarixi mənbələrə, həmçinin, akademik Ramiz Mehdiyevin qələmə aldığı "Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti" kitabına istinad olunub. Bütün tarixi əsərlərdə Şah İsmayılın milliyyəti, mənşəyi türk olaraq verilib. Portretdə yazılan sözlər isə görkəmli şəxsiyyətin milli mənsubiyyəti ilə deyil, siyasi fəaliyyəti ilə bağlıdır".

Sərginin kuratoru, muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov "I Şah İsmayılın portreti "qalmaqal" obyekti kimi" mövzusunda çıxış edib. O, sərginin bir eksponatı-I Şah İsmayılın portreti ilə bağlı cəmiyyətdə süni şəkildə yaradılmış söz-söhbəti nəzərə alaraq, portret haqqında ətraflı məlumat verib və mübahisəli məqamların aradan qaldırılması məqsədi ilə tarixi faktlara əsaslanıb.

Daha sonra sərgidə iştirak edib öz rəylərini yazılı formada bildirən ictimaiyyət nümayəndələrinin fikirləri elektron variantda nümayiş olunub.

Sonda muzey əməkdaşları sərgi ilə bağlı sualları cavablandırıb.

Qeyd edək ki, açılışı aprelin 15-də baş tutan sərgidə 130-dan artıq eksponat-silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur. Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş surətdə əks etdirmək məqsədi ilə sərgidə 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner qurulub. Panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dillərində məlumat təqdim edilir.

I Şah İsmayılın məhşur qılıncının müasir replikası XVI əsr texnologiyaları üzrə Rusiya dəmirçi-silahqayıran ustaları tərəfindən düzəldilərək sərgidə nümayiş olunur. Bununla belə, sərginin ruhuna cavab verən bir sıra sənət əsərləri də tamaşaçılara təqdim edilir.

Sərgi dekabrın 15-dək davam edəcək.