XİN ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə AÇIQLAMASI

27 Aprel 2016 19:51 (UTC+04:00)

Azərbaycanın Mədəniyyət və Turizm və Xarici İşlər nazirlikləri birgə mətbuat açıqlaması ilə çıxış ediblər. SİA xəbər verir ki, açıqlamada deyilir:

"25-27 aprel 2016-cı ildə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında 7-ci Qlobal Forumu keçirilib. BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumu keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi. Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak edib. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunub. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırılıb.

İnklüziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış edib. BMT-nin baş katibi Ban Ki Moon tədbir iştirakçılarına video müraciət edərək forumun işinə uğurlar arzulayıb və ev sahibi olaraq, Azərbaycana təşəkkürünü ifadə edib.

Forumun gündəliyinə inklüziv cəmiyyətlərdə birgə yaşayışa mane olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklüzivlik baxımdan nümunəvi təcrübələr kimi əsas panellər və sülh və terrorizm, miqrasiya, gənclərin inklüziv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və Bakı prosesi, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt-sessiyalar üzrə davam etdirib. Sosial inklüzivlikdə nümunəvi təcrübələr adlı paneldə çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələri haqqında ətraflı məlumat verib. Forumun yekun sessiyasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış ediblər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə alyansın 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, Bakı Prosesi və 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi baxımdan Azərbaycanın rolu təqdir edilib. Həmçinin, bəyanatda forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq, 7-ci Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olunub. Bəyanatda qeyd olunduğu kimi, 7-ci Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizmin yayılmasına qarşı həll yollarının tapılması baxımdan BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımdan qarşısına qoyduğu məqsədlərə nail olub. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edərək, Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətlərindən birinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və hörmətin təşviqi, bu sahədə malik olduğu çoxəsrlik təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyətin sözügedən məsələdə səylərini hərtərəfli dəstəkləməkdən ibarət olduğunu bir daha təsbit edib. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il Azərbaycanda "multikulturalizm ili" elan etməsi haqqında Azərbaycan Respublikası prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi milli, regional və qlobal səviyyələrdə mültikulturalizmin təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verməsi baxımdan mühüm tədbir olub.

Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcək. Bakı Prosesi çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaq. 7-cı Bakı Qlobal Forumunun keçirilməsinə dəstək vermiş bütün tərəf müqabillərinə, BMT-yə xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına və forumun iştirakçılarına təşəkkürümüzü bildiririk".