Azərbaycanın ən böyük 5 investorundan biri Niderland

27 Aprel 2016 18:58 (UTC+04:00)

"Son bir il ərzində Azərbaycan və Hollandiya arasında münasibətlər daha da inkişaf edib". SİA xəbər verir ki, bunu Hollandiyanın Azərbaycandakı səfiri Robbert Qabrielse Hollandiyanın milli bayramı münasibətilə təşkil etdiyi mətbuat konfransında deyib.

Diplomat ötən il ölkələr arasında ticarət dövriyyəsinin 120 milyon dollar təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Niderland Krallığı Azərbaycanın ən böyük beş investoru sırasında yer alıb.

O, keçən il Maastrixtdə 50 Azərbaycan və 90 Hollandiya şirkətinin iştirakı ilə uğurlu biznes forum keçirildiyini xatırladıb: "Bu il Hollandiyanın iqtisadiyyat naziri Henk Kamp Azərbaycana səfər edəcək. Bundan sonra isə biznes nümayəndə heyəti mayın 17-20-də Azərbaycana gələcək. Üstəlik, bir neçə Hollandiya şirkəti "Caspian Agro/World Food" sərgisində iştirak edəcək".

Səfir həmçinin Hollandiyanın qeyri-neft sektorunun inkişafında Azərbaycana yardım göstərməyə hazır olduğunu qeyd edib.