Nazir: "Bu sahədə ardıcıl və qətiyyətli addımlar atılmalıdır"

27 Aprel 2016 14:29 (UTC+04:00)

"Təhsil bütün zamanlarda qarşılıqlı anlaşma baxımından mühüm əhəmiyyət kəsb edir. Amma tarix boyu təhsildən manipulyasiya məqsədilə istifadə edildiyinin şahidi olmuşuq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilzasiyalar Alyansının 7-ci Qlobal Forumunda "Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil" panelində çıxışı zamanı deyib:

Nazir bildirib ki, təhsil sisteminin hər hansı etnik, dini kimliyin rolunu müəyyənləşdirməkdə sui-istifadə edildiyini görmüşük: "Bu, bizim qonşuluğumuzda baş verib. Prezident İlham Əliyev söyləmişdi ki, təhsil ekstremizmə qarşı ən yaxşı vaksindir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil".

M. Cabbarov təhsil sahəsində Heydər Əliyev Fondu tərəfindən çox işlər görüldüyünü qeyd edib. "Deməliyəm ki, son 10 il ərzində minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almaq üçün xaricə göndərilib. Ölkəmizdə isə təxminən 4 min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoq, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. 100 il bundan əvvəl azərbaycanlı neft milyonçusu ilk qızlar məktəbini tikdirib. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verəcək vətəndaş olacaq" - deyə, o vurğulayıb.