İSESCO-nun baş katibi: "İnsanları bir araya gətirməklə problemlər çözülə bilər"

27 Aprel 2016 12:57 (UTC+04:00)

"İnsanları bir araya gətirməklə, problemlər çözülə bilər". SİA-nın xəbərinə görə, bunu İSESCO-nun baş katibi Əbdüləziz əl Tüveycri BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal forumda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bundan sonra qarşılıqlı anlaşma əsasında münasibətlərimizi qura bilərik: "Biz bir bəşəriyyətin övladlarıyıq. İrq və din bizə baryer yaratmamalıdır, əksinə aramızda körpü rolunu oynamalıdır. Mən İSESCO-nun bu prosesə dəstəyini bir daha ifadə etmək istəyirəm".

Çıxış edən "Global Compas" təsisçisi və baş icraçı direktoru Kristof Bas hər zaman insanlarla danışmağa, ünsiyyətə meylli olmağın vacibliyini vurğulayıb: "İnsanlar buna bir qədər çəkinərək yanaşırlar. Biz insanlar arasında olan anlaşmanı təbliğ etmək istəyiriksə, lider və rəhbərlik tərəfdən ismarıc olmalıdır. Burada vətəndaş cəmiyyəti və iş adamlarının da aktivliyi olmalıdır".

UNESCO-nun Mədəniyyətlərarası dialoq departamentinin direktoru Belinda Peris isə "Bakı prosesi" ilə bağlı bəzi təkliflər verib: "Bu forumda dünyada nə baş verdiyi barədə danışırdıq. Zorakılıqlar baş verir, terror hadisələr törədilir. Bunlar qorxu yaradır və biz bu fenomenlərə qarşı mübarizə aparmalıyıq. Eyni zamanda keyfiyyətli təhsil, iqtisadi problemlər, şəxsi ləyaqətə hörmət məsələlərini həll etməliyik. Bütün bunlar bir-biri ilə bağlıdır. "Bakı prosesi" qlobal və uğurlu platformadır, uğurla fəaliyyət göstərir və yeni imkanlar təqdim edir".