BSU-da “Henrix Senkeviç İli” qeyd olunub

27 Aprel 2016 12:10 (UTC+04:00)

Polşada 2016-cı ilgörkəmli yazıçı Henrix Senkeviçin xatirəsinə "Henrix Senkeviç İli" elan olunub. SİA xəbər verir ki, bununla bağlı tədbirlər planına əsasən Bakı Slavyan Universitetində Henrix Senkeviçin yubileyinə həsr olunmuş tədbir keçirilib. BSU-nun Polyak dili və mədəniyyəti mərkəzində baş tutan mərasimdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka və xanımı Malqojata Tsalkaiştirak ediblər.

Səfir Marek Tsalka çıxışında bildirib ki, "Henrix Senkeviç İli" ilə əlaqədar olaraq Polşa səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Henrix Senkeviçin yaradıcılığı barədə danışan səfir yazıçının əsərlərində Polşanın tarixi ilə bağlı maraqlı məlumatlar olduğunu vurğulayıb. "Polşa dövləti öz siyasətini demokratikəsaslar üstündə qurub. Polşada qədim dövrlərdən hökm sürən demokratik meyarları, multikulturalizm və tolerant dəyərləriHenrix Senkeviçin əsərlərində aydın şəkildə görə bilərik".

Xanım Malqojata Tsalka yazıçının nailiyyətlərindən danışaraq qeyd edib ki, 1905-ci ildə Henrix Senkeviç "Epos sahəsindəki görkəmli xidmətlərinə görə" Nobel mükafatı laureatı olub. Çıxışında xanım M. Tsalka yazıçının dünyaca məşhur "Odla və qılıncla", "Daşqın", "Pan Volodıyovski", "Quo Vadis" əsərlərindən danışaraq vurğulayıb ki, bu əsərlər hələ də insanlar tərəfindən maraqla oxunur.

BSU-nun polyakşünas tələbələriHenrix Senkeviçin əsərlərinə həsr olunmuş esse yazıb, onun yaradıcılığı ilə bağlı müsabiqədə iştirak ediblər. Müsabiqədə fəal iştirak edən tələbələr Polşanın Azərbaycandakı səfirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.