Los Ancelesdə Azərbaycana dair 5 sənədli film ekranlaşdırılıb

27 Aprel 2016 10:59 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb. SİA-nın məlumatına görə, filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır. Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətliə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana dair güclü maraq və rəğbət hissi oyada bilir.

Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.

Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır.

Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.

Filmlərin qısa video-çarxlarına bu linklər vasitəsilə baxmaq olar:

Bütün filmlərin vahid video-çarxı - https://youtu.be/lQO6PYFmHIM

Azerbaijan: Land of Hope & Inspiration - https://youtu.be/PlZgnz5rjS8

Baku: Jewel of the Caspian - https://youtu.be/oI1DzvFdUYk

Christian & Muslim Villages of Azerbaijan - https://youtu.be/6NL5TX2MOrE

Jews of Azerbaijan: A Model for Muslim-Jewish Coexistence - https://youtu.be/YZHVCXjUB-s

Cultural & Natural History of Azerbaijan - https://youtu.be/PpEFvJzsMoE