PA-nın şöbə müdiri: "Azərbaycan bütün sahələrdə sülh prosesinə öz töhfəsini verib"

27 Aprel 2016 10:54 (UTC+04:00)

"Biz 25 ildir ki, müstəqil dövlətik. Bu 25 il ərzində Azərbaycan bütün sahələrdə sülh prosesinə öz töhfəsini verib. Biz BMT ilə bu kimi Qlobal Forumları çox keçirmişik". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci Qlobal Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə BMT-nin vəzifəsi və missiyası dünyada sülh bərqərar edilməsindən ibarətdir: "Amma Qurum öz işini yerinə yetirə bilmədiyinə görə, Sivilizasiyalarası Alyansın yaranmasına ehtiyac yarandı. Kaş beynəlxalq hüquq heç olmasa nisbi də olsa tətbiq olunardı. Beynəlxalq hüququn tətbiq olunması hər bir dövlətin öz istəyini etməsindən daha ysxşı olardı".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan PA rəsmisi deyib ki, bu yaxınlarda AŞPA-da Azərbaycanla bağlı bir məsələ qaldırıldı və dərhal da onun əleyhinə səs verildi: "Bizim Dağlıq Qarabağda olan 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz. Amma bununla bağlı beynəlxalq hüququ yada salan yoxdur".