Ermənilərin hədəfi dinc sakinlərdir FOTOLAR

26 Aprel 2016 21:48 (UTC+04:00)

"Axşam saatlarından ermənilərin atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ilkin hesablamalara görə, 20 evə ziyan dəyib". Bu barədə atəşkəsin ən intensiv pozulduğu Tərtər rayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov məlumat verib. Onun sözlərinə görə, bu, hələlik ilkin hesablamalar nəticəsində əldə edilən rəqəmdir: "Hazırda yerli icra nümayəndələri kəndlərə dəyən ziyanı araşdırırlar. Onu deyə bilərəm ki, ən çox zərər ağır altilleriyadan atəş açılan Həsənqaya, Qapanlı, Qazyan və Qaynaq kəndlərinə dəyib".

Elvin Umudov bildirdi ki, xoşbəxtlikdən dinc sakinlərdən xəsarət alan olmayıb: "Ən çox zərər Həsənqaya, Qapanlı, Qazyan və Qaynaq kəndlərinə dəyib".

Həsənqaya kənd icra nümayəndəliyindən verilən məlumata görə, kəndə açılan atəş nəticəsində 5 evə ciddi ziyan dəyib, 1 ev isə tamamilə yararsız vəziyyətə düşüb.

Cəbhəyanı rayonlardan olan Ağdam və Füzuli rayonlarına isə heç bir maddi zərər dəyməyib. Bu barədə müvafiq icra hakimiyyətlərindən məlumat verilib. Bildirdilər ki, atəşkəs cəbhənin bu istiqamətində də pozulub, lakin bu istiqamətlərdə iriçaplı silahlardan istifadə edilmədiyi üçün xəsarətsiz ötüşüb.

Axşam saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Ermənilərin atəşkəs rejimini pozması və ordumuzun qarşı tərəfin səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.