Elmar Məmmədyarov QDİƏT baş katibi ilə görüşüb

26 Aprel 2016 18:49 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə təəssüflə qeyd edilib ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir.

E. Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrastrukturuna dair məlumat verib.

Baş katib Maykl Kristides bildirib ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.