Marşallar üçün təlimlər təşkil ediləcək

25 Aprel 2016 16:52 (UTC+04:00)

"Formula-1" yarışlarının keçirilməsində böyük əhəmiyyət daşıyan və yarış zamanı trasın müxtəlif yerlərində yerləşərək məsuliyyətli vəzifələri yerinə yetirən şəxslər məhz marşallardır. Marşallar bir neçə növə bölünür və onların hər biri yarışın maneəsiz keçməsinə öz tövhəsini verir. Təbii ki, bu işi yüksək peşəkarlıqvə dəqiqliklə yerinə yetirmək üçün marşallar xüsusi təlimlərdə iştirak etməli və bu bacarıqlara sahiblənməlidirlər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SİA-ya verilən məlumata görə, Bakıda təşkil ediləcək "Formula-1" üzrə Avropa Qran Prisi yarışlarına marşalların hazırlanması məqsədilə "Baku Marshals Club" aprelin 25-29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasetetmə və yanğınsöndürmə marşalları qismində iştirak edəcək əməkdaşları üçün təlimlər təşkil edəcək. Təlimlərdə ümumilikdə 189 yanğınsöndürmə və 139 xilasetmə marşalları iştirak edəcək. Təlimlər, Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təlim bazasında aparılacaq, nəzəri və praktik hissədən ibarət olacaq.

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran Pri yarışında 1000 yerli və 300-ə yaxın xarici ölkələrdən gələcək marşallar iştirak edəcək.