Yaponiya qırıcıları 873 dəfə səmaya qalxıblar

24 Aprel 2016 20:14 (UTC+04:00)

Yaponiya hərbi-hava qüvvələrinə məxsus qırıcı təyyarələr 2015-ci il ərzində əcnəbi təyyarələrin sərhəd xəttinə yaxınlaşması səbəbindən 873 dəfə həyəcan siqnalı əsasında havaya qalxıblar. Bu barədə ölkənin özünümüdafiə qüvvələrinin birləşmiş qərargahı məlumat verib.

Məlumatda qeyd edilir ki, hesabat dövründə ekstren uçuşların sayı 70 uçuş azalaraq 873 təşkil edib. Bunların 65 faizi Çin təyyarələrinin, 30 faizi isə Rusiya təyyarələrinin payına düşür. Çin təyyarələrinin yaxınlaşması barədə təhlükə ilə əlaqədar yapon təyyarələri 571 dəfə havaya qalxıblar və bu, ötən ildəkindən 107 dəfə çoxdur. Rusiya təyyarələrinə görə isə ekstren uçuşlar 288 dəfə təşkil edib ki, bu da keçən ildəkindən 185 dəfə azdır.

Qərargah tərəfindən təqdim olunan xəritədə qeyd edilir ki, Çin təyyarələrinin uçuşları əsasən Şərqi-Çin dənizi rayonunda qeydə alınıb. Rusiya təyyarələri isə bütün Yaponiya boyunca uçaraq, əsas diqqəti şimal və şimal-qərb istiqamətinə yönəldirlər.

Birləşmiş qərargah vurğulayıb ki, həmin uçuşlar zamanı Yaponiyanın hava sərhədi heç vaxt pozulmayıb. Yalnız bir dəfə, 2015-ci il sentyabrın 15-də mənsubiyyəti və modeli məlum olmayan təyyarə Yaponiyanın hava məkanını pozub.