Skopyedə 19-cu Beynəlxalq Film Festivalı başladı

23 Aprel 2016 11:12 (UTC+04:00)

Makedoniyanın paytaxtı Skopyedə 19-cu Beynəlxalq Film Festivalının açılışı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər il mütəmadi olaraq, keçirilən festival aprelin 30-na kimi davam edəcək. Müsabiqənin münsiflər heyəti yerli və xarici rejissorların lentə aldığı 77 ekran əsərini qiymətləndirəcək.

"Millenium" kinoteatrında baş tutan festivalın açılışında fransalı rejissor Benua Delepin ilə belçikalı Qustav Kervernin birgə lentə aldığı "Sent-Amur" filmi nümayiş olunub. Ekran əsərində məşhur italyalı aktyor Marçello Mastroyanninin qızı Kyara Mastroyanni, Jerar Depardye və Mişel Uelbek rol alıblar.

Festivalda iştirak edən filmlər 10 nominasiya uğrunda yarışacaq. Belə ki, rejissor Laslo Nemeşin çəkdiyi "Saulun oğlu", Mayven Le Beskonun "Mənim kralım", Marko Bellokkonun lentə aldığı "Qanımın qanı", Maykl Murun "Başqa haranı işğal etsək", Takesi Kitanonun çəkdiyi "Ryudzo və yeddi döyüşçüsü", Dyördya Palfinin "Rahat düşmə", Anders Tomasın lentə aldığı "Kişilər və toyuqlar" və digər ekran əsərləri müvafiq nominasiyalara əsasən, qiymətləndiriləcək.