Azərbaycan cüdoçusu Avropa çempionu oldu FOTOLAR

23 Aprel 2016 09:31 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Belə ki, milli komandamız aktivinə daha bir 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov ilk qarşılaşmasında litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib. R.Orucov növbəti rəqibini - çexiyalı Yakub Jesminekini də eyni fəndlə məğlub edib. Cüdoçumuz 1/4 finalda Sloveniya təmsilçisi Rok Draksiç üzərində qələbəyə sevinib. Yarımfinalda Rusiya cüdoçusu Denis Yartsevə də qalib gələn R.Orucov adını finala yazdırıb. Həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşan Rüstəm bu mübarizədən də qalib ayrılaraq Avropa çempionatnın qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhaqq Rəsullu mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, 46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.