Rüfət Aslanlı: "İranla Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir"

22 Aprel 2016 17:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında İran İslam Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Palatadan SİA-ya verilən məlumata görə, aprelin 22-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranla ölkəmiz arasında ikitərəfli münasibətlərin dinamik inkişafının önəmindən danışaraq, müstəqilliyimizin ilk illərindən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb.

Palata sədri İranın beynəlxalq maliyyə bazarlarına yenidən çıxışını yaxından izlədiyini qeyd edərək, tərəflər arasında maliyyə sahəsində birgə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin və imkanların olduğunu bildirib.

İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Mahmud Vaezi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün maliyyə institutları arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. M.Vaezi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədi ilə qarşıya qoyulmuş hədəflərə çatmaqda nailiyyətlər əldə etmək üçün birgə addımların atılmasında maraqlı olduqlarını bildirib.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.