Rusiyalı rejissorun yozumunda “Sevənlər və sevilənlər” FOTOLAR

22 Aprel 2016 13:30 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlamaq üçün artıq Bakıdadır. GTT-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məşqlərinə bu gündən start verilən yeni tamaşa Kalmık dramaturqu Baatr Basanqovun "Təəccüb doğuran hadisə" əsərinin motivləri əsasında, Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədiyi "Sevənlər və sevilənlər" adlanır.

İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən, hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Günel Məmmədova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Nuranə Hüseynova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Asya Atakişiyeva, Gülbəniz Mustafayeva, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəməd iştirak edəcəklər.

Qeyd edək ki, səhnə əsərinin mayın 26-da nümayiş etdirilməsi nəzərdə tutulub.