"Formula-1" Avropa Qran Prisi jurnalistlərin gözü ilə" adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Azərbaycanda "Formula-1" jurnalistikasının inkişafına dəstək məqsədilə keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi BŞH-nin ofisində təşkil olunub.
Mərasimdə çıxış edən BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə Avropa Qran Prisinin daha geniş ictimaiyyətə tanıdılmasında yaxından iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bütün media nümayəndələrinin səylərini yüksək qiymətləndirib. Qeyd edib ki, jurnalistlərin fəaliyyəti mötəbər yarışa daha böyük azarkeş kütləsi cəlb edəcək.
Avropa Qran Prisinin rəsmi elçisi, "Formula-1" üzrə idman şərhçisi Rəhim Əliyev jurnalistlərin müsabiqəyə təqdim etdikləri yazıların yüksək səviyyədə olduğunu vurğulyıb. O qalibləri təbrik edib.
Sonra isə qaliblər mükafatlandırılıblar.
Birinci yerə Friday.az sayında yayımlanan "Formula-1" - Odlar ölkəsində, sürət zirvəsində!" adlı məqalənin sahibi Aysel Qənbərov, ikinci yerə Xezerxeber.com saytında dərc edilən "Real həyatın 1-ci formulası…" adlı məqalənin sahibi Sənan Abdullayev, 3-cü yerə isə F-1 saytında yayımlanan "Bakı Şəhər Halqası: Döngələr və tribunalar" adlı məqalənin sahibi Elçin Zodorov çıxıb.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan məqalələri BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Avropa Qran Prisinin rəsmi elçisi, "Formula-1" üzrə idman şərhçisi Rəhim Əliyev qiymətlənidrib. Münsiflər kreativlik, uyğunluq və aktuallıq kimi bir sıra meyarları əsas götürüblər.






