Hərbi ekspert: “Ermənistanda əsgər və zabit çatışmazlığı var” MÜNASİBƏT

22 Aprel 2016 10:15 (UTC+04:00)

"Aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən məlum hadisələr bir çox məsələləri önə çıxartdı. Bizim üçün vacib olan məqamlardan biri xüsusən diqqəti cəlb etdi deyə bu haqda bəzi fikirlərimi bildirmək istərdim. Həqiqətən də bizə düşmən olan Ermənistan Silahlı Qüvvələrinin və onların işğal altında olan ərazilərimizdə olan şəxsi heyətinin sayı və keyfiyyəti ürəkaçan deyil". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, əsgər və zabit çatışmazlığı açıq şəkildə özünü göstərir: "Bədnam qonşularımız yaşı 60-70 olan keçmiş döyüşçülərini paytaxt İrəvandan, o cümlədən digər şəhər və rayonlardan məcburi şəkildə silah altına alıb Qarabağ ərazilərinə yola saldılar. Özü də utanmadan bu mənzərəni sosial mediada, o cümlədən özlərinin düşük televiziya kanallarında bəh-bəhlə təqdim etməyə çalışdılar. Ermənilərin ən böyük rüsvayçılığı və rəzaləti ondan ibarət oldu ki, onlar cavan qızları və qadınları ön xəttə göndərməyə başladılar. Bunun özü ermənilərin düşündüyü kimi hansısa yüksək motivasiya deyil, əksinə real vəziyyətlərinin necə acınacaqlı olmasının göstəricisidir.

Həm də Qafqazda əsrlərlə təsdiq olunmuş bir qayda-qanun yer almışdı ki, evin, dövlətin kişiləri olduğu halda zərif cinsin nümayəndələri olan qadınlar heç vaxt silah və güllə qabağına verilməz. Erməni ağlı və ağılsızlığı, qorxaqlıqları bu qaydaları da pozmuş oldu. Bir sözlə, təriflənən erməni "qeyrətləri və namusları" bir daha bütün dünyaya sübut olundu".