Kino sevənlərə “İnam, ümid, sevgi” gəlir FOTOLAR

22 Aprel 2016 09:27 (UTC+04:00)

Azərbaycanlı rejissor və ssenarist Nadir Maçanovun "İnam, ümid, sevgi" adlı yeni sənədli filminin treyleri yayımlanıb. SİA-nın verdiyi xəbərə görə, ekran əsəri Azərbaycan, Ukrayna və Rusiya kinematoqrafçılarının birgə layihəsidir.

Filmin operatoru Raid Abbasov, bəstəkarı Emil Həşimov, səs rejissoru ukraynalı Aleksandr Fedorenkodur.

Üç xristian xeyirxaha həsr olunan film Odessada qadın cəzaçəkmə müəssisəsindəki məhbusun, Müqəddəs Georgievski qadın monastırı rahibəsinin və öz həyatını əlil ərinə həsr etmiş təqaüdçü xanımın həyatından bəhs edir.

Rejissor Nadir Maçanovun sözlərinə görə, bu film müsəlmanların xristian dostlarına özünəməxsus hədiyyəsidir: "Biz göstərmək istəyirik ki, insanı yalnız Allah sevgisi xilas edir. Sevgi olan yerdə inam və ümid də mövcuddur".

Qeyd edək ki, yaxın vaxtlarda "İnam, ümid, sevgi" filminin Bakı, Moskva və Kiyevdə təqdimatı olacaq.