"Heydər Əliyev: Öndər və onun dövrü" FOTO

22 Aprel 2016 00:26 (UTC+04:00)

Yunanıstanda ölkə ictimaiyyətinin və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yunan dilində nəşr olunmuş "Heydər Əliyev: Öndər və onun dövrü" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfirliyindən SİA bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Hüseynbala Mirələmov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında danışıblar.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.

Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun həmmüəllifləri olduqları "Görkəmli insanların həyatı" silsiləsindən "Heydər Əliyev" kitabı Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Dimitris Patelis və Panayota Materi tərəfindən rus dilindən yunan dilinə tərcümə edilib və "Heydər Əliyev: Öndər və onun dövrü" adı ilə "Enalios" Nəşriyyat Evi tərəfindən çap olunub.