Mətbuat Şurasında beş KİV-lə bağlı məsələ araşdırılıb

21 Aprel 2016 22:14 (UTC+04:00)

Aprelin 21-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında beş kütləvi informasiya vasitəsi ilə bağlı məsələ araşdırılıb. Mətbuat Şurasından SİA-ya verilən məlumata görə, öncə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının "Polemik.az" saytı barədə müraciətinə baxılıb. Komissiya saytdan şikayət doğuran yazıları araşdıraraq rəyə gəlib ki, Mətbuat Şurasının bu KİV barədə müvafiq ölçü götürməsi üçün ciddi əsaslar var. Komissiya bu sayta Azərbaycan Mətbuat Şurasının xəbərdarlığını edib. KİV-ə qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi, şikayət doğuran yazıların saytdan çıxarılması tövsiyə olunub. Baş redaktor Mətbuat Şurasının qərarının icrasına hazır olduğunu bildirib.

İclasda Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin "Nüanslar" qəzeti barədə şikayəti əsasında da rəy çıxarılıb. Mətbu orqanın rəhbərliyi bildirib ki, bu idarə barədə gedən yazıda balansın gözlənilməməsi bir sıra etik prinsiplərin pozulması ilə nəticələnib. Qəzet növbəti sayında bunları aradan qaldırmağa hazırdır.

Gəncə Musiqi Kollecinin "Patriot.az" saytı barədə müraciətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. KİV rəhbərliyi naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya narazılığa səbəb yazının "reket jurnalistika"ya xas tərzdə təqdim olunduğunu müəyyənləşdirib. Bu, eləcə də digər məqamlar əsas götürülərək məsələnin MŞ-nin reket jurnalistikaya qarşı mübarizə komissiyasında da araşdırılması zəruri hesab edilib. Sayt barədə yekun qərar bu komissiyanın təqdimatının müzakirəsindən sonra qəbul olunacaq.

"Azəri–Türk" Qadınlar Birliyinin "İdealpress.az" və "Expromt.az" saytları haqqında müraciəti müzakirə olunarkən komissiya üzvləri qənaətə gəliblər ki, məsələnin mahiyyətində inzibati orqanların araşdırmalı olduğu cəhətlər üstünlük təşkil edir. Buna görə də həmin materialların baxılmaq üçün müvafiq orqanlara göndərilməsi məqbul sayılıb.