İlk Buktreyler Festivalının nəticələri açıqlanacaq

21 Aprel 2016 14:05 (UTC+04:00)

22 aprel saat 19:00-da Nizami Kino Mərkəzində İlk Buktreyler Festivalının nəticələri açıqlanacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, kinoaktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bildirib ki, festivala cəmi 25 iş daxil olub: "Təqdim olunan işlər arasında İtaliya, Fransa və Bolqarıstandan da işlər var idi. Sevindirici haldır ki, Azərbaycanda ilk dəfə baş tutacaq Buktreyler Festivalının sorağı artıq dünyaya da səs salıb. Lakin, təbii ki, bu Festival Beynəlxalq olmadığı üçün biz o işləri qəbul edə bilmədik və nəticədə, 21 iş yarışacaq".

Layihənin təsisçisinin sözlərinə görə, artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsini tamamlayıb: "Hal-hazırda Təşkilat Komitəsi münsiflərin verdiyi qiymətləri toplayaraq, qalibləri müəyyənləşdirir".

Qeyd edək ki, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və başqaları) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.