Politoloq: “Erməniləri qorumaq üçün münaqişədə irəliləyişə çalışacaqlar” AÇIQLAMA

21 Aprel 2016 12:37 (UTC+04:00)

"Ola bilsin ki, ictimaiyyətin xəbərinin olmadığı müəyyən proseslər artıq gedir. Yəni, Rusiyanın beş rayonu qaytarması üçün Ermənistanla konkret işlər apardığını güman etmək olar. Sadəcə, S. Sarkisyan hakimiyyətini sığortalamaq üçün bu, erməni ictimaiyyətindən gizli saxlanıla bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun fikrincə, bütün hallarda münaqişənin tənzimlənməsi istiqamətində nəticəyə gətirib çıxaracaq addımların atılması qaçılmazdır: "Bunu yaranmış yeni reallıqlar tələb edir. Beynəlxalq instansiyalardan gələn mesajlar da sübut edir ki, artıq status-kvo vəziyyətinin qalmasının mümkünsüzlüyü dərk edilir. Aprelin əvvəlində baş vermiş qısamüddətli müharibə qəti sübut etdi ki, status-kvo vəziyyəti müvəqqətidir və olduqca "kövrəkdir", hər an genişmiqyaslı müharibə başlaya bilər. Konkret güc mərkəzləri ən azından erməniləri qorumaq üçün münaqişənin tənzimlənməsi prosesində irəliləyişin əldə olunmasına çalışacaqlar. Çünki, həm beynəlxalq səviyyədə, həm də Ermənistanda inandılar, əmin oldular ki, Azərbaycan hərbi cəhətdən işğalçı Ermənistanı qat-qat üstələyir. Bu baxımdan, status-kvonun bundan sonra da davam etməsi nəticəsində baş verəcək müharibə Ermənistanın tam kapitulyasiyasını şərtləndirəcək".

"Rusiyalı politoloq S. Markov həm də Kremlin mövqeyinə yaxından bələd olan şərhçi kimi müəyyən konkret məqamlara söykənərək, bundan sonra Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların qaytarılması ilə bağlı danışıqların intensiv xarakter alacağını və çox uzun çəkməyəcəyini bildirir. Bir daha qeyd edirəm ki, o, obyektiv reallıqları təhlil edərək belə qənaətə gəlir. Düşünürəm ki, artıq ilkin mərhələdə Ermənistanın işğalı altında olan beş rayonun qaytarılacağı zaman tam yetişib. Bütün hallarda proseslərin Azərbaycanın xeyrinə cərəyan etdiyini söyləmək üçün ciddi əsaslar mövcuddur. İlkin mərhələdə beş rayonun qaytarılması baş verərsə, bu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam tənzimlənməsi üçün etibarlı zəmin yarada bilər. Onsuz da bütün potensial parametrlərinə görə Ermənistanı bir neçə dəfə üstələyən Azərbaycan dövləti tarixi torpaqlarına nəzarətini qaytarmaqla, daha da güclü və qətiyyətli mövqelərə malik olacaq".